Azərbaycan və İsrail səfirliklərinin ilk birgə layihəsi

 

Azərbaycanın və İsrailin Almaniyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Berlindəki Pestalotsi sinaqoqunda “Azərbaycanda yəhudi həyatı” adlı tədbir, habelə eyniadlı sərgi və “Azərbaycanda yəhudi irsi” adlı fotokitabın təqdimatı keçirilib.

Tədbirə Almaniya Yəhudiləri Mərkəzi Şurası, Berlin Yəhudi İcması və Avropa Ravvinləri Konfransı kimi Avropanın nüfuzlu yəhudi təşkilatları dəstək verib. Tədbirdə Bundestaq deputatları, rəsmilər, diplomatlar, elm və mədəniyyət xadimləri, Almaniyada yaşayan Azərbaycan, yəhudi, türk və digər icmaların üzvləri iştirak ediblər.

Səfir Nəsimi Ağayev çıxışında iştirakçıları ölkəmizdə yaşayan yəhudilər, onların tarixi, Azərbaycandakı multikulturalizm və dinlərarası harmoniya mühiti, İsrail ilə qurulmuş dostluq münasibətləri və strateji tərəfdaşlıq barədə məlumatlandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin Azərbaycanda multikulturalizm və dinlərarası harmoniya mühitinin daha da dərinləşməsinə və inkişafına yönəldiyi  vurğulanıb.

İsrail səfiri Ron Prozor çıxışında Azərbaycan və İsrail arasında yüksək səviyyəli münasibətlərdən söhbət açıb və ölkəmizin İsraildə səfirliyinin təsis edilməsinin bu münasibətləri yeni səviyyəyə qaldırdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanda yəhudi icmasının yaşaması müsəlmanlar ilə yəhudilərin dinc şəkildə birgəyaşayışına gözəl bir nümunədir.

Almaniya Yəhudiləri Mərkəzi Şurasının icraçı direktoru Daniel Botman, Berlin Yəhudi İcmasının sədri Qideon Yoffe və Pestalotsi sinaqoqunun baş ravvini Yonah Zivers çıxışlarında Azərbaycanda mövcud olan tolerantlıq və dinlərarası harmoniya mühitinin çox təqdirəlayiq hal olduğunu bildiriblər.

Tədbir çərçivəsində Milli Məclisin deputatı Anatoliy Rafailov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovskinin iştirakı ilə panel müzakirələr keçirilib.

Almaniyada yaşayan həmyerlimiz skripkaçı Fəridə Rüstəmova və İzidoro Abramoviçin rəhbərlik etdiyi Pestalotsi sinaqoqunun xor kollektivi Azərbaycan, yəhudi və Avropa musiqi nümunələrindən ibarət konsert proqramı ilə çıxış ediblər.