Festival çərçivəsində keçirilən elmi simpozium başa çatdı
Xəbər verdiyimiz kimi, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı müxtəlif ölkələrdən ifaçı və kollektivlərlə yanaşı, sənətşünasları da bir araya gətirib.
Festival çərçivəsində 20-22 iyun tarixlərində elmi simpozium keçirilib. Azərbaycan mütəxəssisləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlərin qatıldığı, iyunun 20-də açılışı keçirilən simpozium ayın 21 və 22-də işini davam etdirib.
Simpoziumun ikinci günündə “Muğamın toplama, qoruma, arxivləşmə və yayılma problemləri” mövzusunda keçirilən sessiyada azərbaycanlı mütəxəssislərlə bərabər, Türkiyə, Böyük Britaniya, Özbəkistan və Qazaxıstandan olan alimlər də çıxış ediblər.
Gün ərzində “Mətn və musiqi”, “Muğam, dəsgah və xanəndə avazı”, “Muğamın toplama, qorunma, arxivləşmə və yayılma problemləri”, “Məqam musiqisinin ruhani və cismani təzahürləri” və “Məqam musiqisi elmi mənbələr işığında” mövzularında sessiyalar keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə elmlər doktoru Alla Bayramova “1920-ci illərdə Cənubi Qafqaz ekspedisiyalarının materiallarında muğam” mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, 1920-ci illərdə yeni sovet ideologiyasının təsiri altında muğam ifaçılığı sənətinə müəyyən qədər mənfi münasibət özünü göstərsə də, tanınmış muğam ifaçılarının səyləri nəticəsində bu sənət həm musiqi mədəniyyətində, həm də xalqın həyatında öz əhəmiyyətini qoruyub saxlaya bilib.
“Muğam dünya kolleksiyalarında: mədəni irsin qorunması və müdafiəsi” mövzusunda çıxış edən Qazax Milli İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fatima Nurlıbayeva bildirib ki, muğam Şərq ölkələrinin klassik xalq musiqisinin əsas janrıdır. Azərbaycan musiqisində mövcud olan bütün muğam formaları arasında öz miqyasına və bədii ideyasına görə ən böyüyü dəsgahdır.
Çıxışlarda qeyd olunub ki, xalqımızın milli sərvəti olan Azərbaycan muğamları, aşıq sənəti, ümumilikdə xalq musiqisi və ifaçılıq ənənələri müasir dövrdə mədəniyyətimizi dünya səviyyəsində tanıdaraq bu möhtəşəm sənət incilərinin inteqrasiya edilməsində zəruri rol oynayan faktordur. Muğam ifaçılığı dedikdə, burada həm instrumental, həm də vokal-instrumental ifa nəzərdə tutulur. Qədim dövrlərdən başlayaraq bizim dövrə qədər inkişaf edib müxtəlif dəyişiklik, əlavə və ixtisarlara məruz qalan muğam ifaçılığı müasir dövrümüzdə artıq bir sıra yeniliklərə addım atan, müxtəlif janrlarla sintezdə ifa və improvizasiya olunan janr kimi məşhurlaşır. Lakin Azərbaycanın ənənəvi professional musiqisi olan muğam sənəti tədris prosesində əsrlərdən gələn ənənə əsasında, yəni dildən-dilə, ifadan-ifaya şifahi şəkildə, ustad-şagird ənənəsinə uyğun ötürülür.
Tədbirdə jurnalistlərə açıqlama verən Kaliforniya Universitetinin (ABŞ) professoru, musiqişünas Möhsin Məhəmmədi muğam festivalının əhəmiyyətini yüksək qiymətləndirib. “Burada olmağımın səbəbi də məhz muğamdır. Mən İran musiqisini tədqiq edirəm və bu irsin Azərbaycan musiqisinə çox yaxın olduğunu düşünürəm. Həmçinin bir çox muğam janrını bəyənirəm. Dünən axşam Bakıda bir neçə muğam ifaçısını dinlədim və bir daha muğamın bənzərsizliyinin şahidi oldum”, – deyə musiqişünas bildirib.
Daha bir musiqişünas-alim Nissim Lugasi müsahibəsində yəhudilərin öz milli makam musiqisi barədə danışıb. Festivalın işini yüksək qiymətləndirən musiqişünas burada səslənən fikirlərin milli musiqi irsinin yaşadılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. Deyib ki, Bakıda təşkil olunan belə möhtəşəm tədbir bəşəri məna kəsb edən muğam fəlsəfəsinin gələcək nəsillərə çatdırılması baxımından olduqca təqdirəlayiqdir.
***
Elmi simpozium iyunun 22-də 4 sessiyada işini davam etdirdi. Musiqişünas Kəmalə Atakişiyevanın moderatorluğu ilə keçirilən “Muğamın toplama, qorunma, arxivləşmə və yayılma problemləri” mövzusunda birinci sessiyada Azərbaycan, Türkiyə, Yaponiya, Özbəkistan, Qazaxıstan və ABŞ-dən olan alimlərin məruzələri dinlənildi.
Şoitsa Qənixanova (Özbəkistan) “Makom fiksiyasının bəzi sistemlərinə dair”, professorlar İradə Köçərli və Vamiq Məmmədəliyev (Azərbaycan) “Milli musiqi irsinin qorunması və açılmamış yeni muğam səhifələri (Fikrət Əmirovun not əlyazmalarında “Şur” və “Rast” dəsgahları), Rüstəm Boltayev (Özbəkistan) “Tənbur notasiyasına nəzərən Xarəzmin altı yarım makomları” mövzusunda çıxış etdilər.
Yaponiyadan Sui Benq Tanın moderatorluğu ilə gerçəkləşən “Məqam tarixinə dair materiallar” adlı ikinci sessiyada Möhsin Məhəmmədi “Məqam əlaqələri: dəsgahın çoxməqamlı süita kimi formalaşması”, Villiam Sumits (Türkiyə) “Musiqi naşirləri, musiqiçilər və əlyazmalar: Osmanlı İmperiyasının son dövründə musiqinin dövriyyəsi və ticarəti”, yaponiyalı alim Qeniçi Tsuqe isə “Qopuz, şadarğu və tar” mövzusunda məruzələrini təqdim etdilər.
Gününün üçüncü sessiyası professor Sənubər Bağırovanın moderatorluğu ilə keçirildi. “Məqam musiqisi tarixi retrospektivdə” mövzulu sessiyada Əmir Hüseyn Pircavadinin (ABŞ) “Dəsgahın 18 və 19-cu əsrlərdə yaranması və inkişafı”, Tacikistandan Faroqat Azizi və Sadulla Karimovun “Falak - dağ taciklərinin məqamı: tarix və müasirlik”, Kəmalə Atakişiyevanın “Azərbaycan dəsgahının tarixi təşəkkül prosesində milli-etnik ənənələrin rolu” mövzularında məruzələri dinlənildi.
Professor İradə Köçərlinin moderatorluğu ilə keçən sonuncu sessiya “Yeni tədqiqatlar və tədqiqat üsulları” mövzusuna həsr olunmuşdu.
Sessiyada Özbəkistandan Nilufər Botirova “Mukamat irsində sufiyana kəlam: tarix və müasirlik”, Gülhüseyn Kazımlı və Turan İbrahimov “Qədim Azərbaycan səs yazıları irsi üzrə yeni axtarışlar və tapıntılar”, Pikə Axundova-Talıblı “Azərbaycan muğamlarında qeyri-xətti təfəkkür tərzinin inikası (“Rast” və “Şur” muğamları əsasında), Azərbaycan və Fransanı təmsil edən musiqişünas İlxas Məmmədov isə “Karnatik raqa musiqi tədrisində praktik məşqlərin əsas prinsipləri və onların Azərbaycan muğam tədrisi ilə müqayisəsi” mövzularında məruzə etdilər.
“Bu cür layihələr Şərqin mədəniyyətini təbliğ edir”
Simpoziumun qonağı olan Tacikistan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru Sadulla Karimov qəzetimizə açıqlamasında tədbiri yüksək dəyərləndirdi. Bakıda simpoziumda iştirakından məmnunluğunu ifadə edən alim dedi: “Biz bilirik ki, muğam Azərbaycanın ən qədim milli irsidir. İstərdik ki, biz də bu muğam sənətinə öz töhfəmizi, tacik muğam ənənələri haqqında məlumatları bölüşək. Simpoziumda çıxışımızda ən qədim milli ənənəvi musiqimiz olan “falak” haqqında məlumat verdik. Çox şadam ki, burada dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçılar bir ayara gəlib maraqlı mövzularda məruzələr təqdim edirlər. Bilmədiklərimizi öyrənirik. Bu mötəbər tədbirə görə təşkilatçılara təşəkkür edirəm”.
Villiam Smits ABŞ-dən olsa da, İstanbulda yaşayır. Deyir ki, Azərbaycan muğamını az-çox bilsə də, ölkəmizə hər gəlişində muğamı dinlədikcə daha çox həyəcan keçirir. Bu onun ölkəmizə dördüncü gəlişidir. İlk dəfə 2011-ci ildə beynəlxalq muğam festivalı çərçivəsində təşkil edilən beynəlxalq muğam müsabiqəsində münsif kimi iştirak edib.
Tacikistandan olan daha bir alim Sultanali Kudoyberdiev bildirir ki, belə bir tədbirin keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün iştirakçı ölkələr üçün inkişaf sayıla bilər. Heydər Əliyev Fondu tərəfindən təşkil edilən bu festival musiqi, muğam vasitəsilə dünyanın müxtəlif yerlərindən musiqişünas və alimləri birləşdirir və Şərq aləminin mədəniyyətini təbliğ edir.
L.Azəri