Bakı Kitab Mərkəzində etnomusiqişünas Tahirə Kərimovanın dahi bəstəkar Fikrət Əmirov haqqında yazdığı “Həyat partiturasında ustadın imzası” kitabının (rus dilində) təqdimat mərasimi keçirilib.

Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Dadaşzadə kitab haqqında məlumat verib.

Nəşrin müəllifinin qızı, “Mədəniyyət” telekanalının direktoru Ülviyə Könül qeyd edib ki, kitab 39 il öncə dahi bəstəkar Fikrət Əmirovun iştirakı ilə yazılıb: “Bu neçə ildən sonra kitab işıq üzü görüb. Cəsarət edib deyə bilərəm ki, bu, ölməz bəstəkar barədə yazılan ən yaxşı kitablardan biridir”.

AMEA-nın müxbir üzvü Rəna Məmmədova-Sarabskaya deyib: “Kitabı oxuyaraq çox zövq aldım, çünki o, çox mənalı dildə yazılıb və Fikrət Əmirovun şəxsiyyətini çox gözəl ifadə edir...”.

Digər çıxış edənlər Fikrət Əmirovun zəngin yaradıcılıq irsindən danışıblar və kitabın Azərbaycan musiqişünaslığına töhfə olduğunu bildiriblər.

Fikrət Əmirovun oğlu, məşhur caz musiqiçisi Cəmil Əmirov kitabın müəllifinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Sonda müəllif Tahirə Kərimova bəstəkar haqqında xatirələrini bölüşüb və qonaqlar üçün kitabları imzalayıb.