İngiltərənin Oldboro (Aldeburgh) şəhərində 9-25 iyun tarixlərində keçirilən ənənəvi musiqi festivalı (Aldeburgh Festival) çərçivəsində macar bəstəkarı Dyerd Ligetinin (György Ligeti; 1923-2006) 100 illiyi qeyd edilib. Əlamətdar yubiley münasibətilə festivalın təşkilat komitəsi məşhur bəstəkarlara yeni əsərlər sifariş etmişdi. Əsərlərin premyerası “The Red Hause”da “Ligeti Quartet”in ifasında səslənib.
Festivalda əsərləri ifa olunan Benoit Delberq (Fransa), Xiaoyoung Chen (Çin), Manfred Stahnke (Almaniya), Rolf Hind (İngiltərə) kimi bəstəkarlarla bir sırada Azərbaycanın görkəmli bəstəkarı, professor Firəngiz Əlizadə də yer alıb.
Firəngiz Əlizadənin D.Ligetinin yubileyinə həsr etdiyi “Fanfares for Ligeti” əsəri digər əsərlərlə birlikdə ingilis musiqiçiləri tərəfindən yüksək səviyyədə təqdim edilib. İfalar BBC radiosu tərəfindən birbaşa yayımlanıb. Festivalın bukletində bütün müəlliflər haqqında informasiyalar yer alıb. Burada Firəngiz Əlizadənin D.Ligetinin şəxsiyyəti və musiqisi haqqında düşüncələri də əksini tapıb.
Qeyd edək ki, əsası ingilis bəstəkarı Bendjamin Britten tərəfindən 1948-ci ildə Oldboro şəhərində (Suffolk qraflığı) qoyulan “Aldeburgh Festival of Music and Arts” sonralar ölkənin həyatında mühüm hadisəyə çevrilir. Bu il 74-cü dəfə təşkil olunan festivalın konsertlərində Con Keyc, Dmitri Şostakoviç, Pyer Bulez, Mstislav Rostropoviç kimi dünyaca məşhur musiqiçiləri çıxış ediblər.