Dünya İrsi Siyahısında yer alan şəhər növbəti festivala ev sahibliyi edir

 

İyulun 3-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlayıb.

Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festival bu dəfə ölkəmizlə bərabər, Türkiyə, Özbəkistan, Qazaxıstan və Çindən musiqi kollektivlərini, ifaçıları bir araya gətirib. Festivalda türk respublikalarından incəsənət ustalarının geniş şəkildə iştirakı TÜRKSOY-un dəstəyi ilə həyata keçirilir.

Beş gün davam edəcək festivalın təntənəli açılış mərasimi “Marxal” istirahət kompleksinin Yay teatrında keçirilib. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında ABİ-nin sədri, festivalın bədii rəhbəri Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub.

Builki festival Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etməsi ilə əlamətdardır. Festival günlərində Ümummilli liderin xatirəsinə ithaf olaraq Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və “Zəfər” muğam qrupunun iştirakı ilə konsert proqramları təqdim ediləcək.

Festivalın ikinci günündə – iyulun 4-də Şəki Xan sarayının həyətində “Zəfər” muğam ansamblının konserti olub. Konsertin əvvəlində tarzən Rüstəm Müslümovun rəhbərlik etdiyi ansamblın fəaliyyəti barədə məlumat verilib.

Ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, xanəndələr Vəfa Vəzirovanın, Hüseyn Məlikovun ifa etdikləri xalq və bəstəkar mahnıları, muğamlar alqışlarla qarşılanıb. İfaçıları tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Pərviz Mirzəyev, nağarada Səyyar Teymurov müşayiət ediblər.

Konsertin sonunda kollektivə festivalın xatirə hədiyyəsi təqdim olunub.

Həmin gün Yuxarı karvansarada Çinin Lianşan-İy Muxtar Vilayətini təmsil edən ansamblın konserti təqdim edilib. Şəki ilə yenicə qardaşlaşmış Lianşan şəhərinin musiqi kollektivinin çıxışı maraqla qarşılanıb.

İyulun 5-də Şəki Musiqi Kollecində şəhərin “Zirvə” folklor ansamblının çıxışı, yay teatrında Qazaxıstanın Ükili Ibıray adına Akmolin Vilayət Filarmoniyasının “Aynakol” folklor ansamblı və “Qakku” rəqs ansamblının konserti keçiriləcək.

İyulun 6-da yay teatrında Safranbolu Bələdiyyəsi Xalq oyunları qrupu (Türkiyə) və Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının (Özbəkistan) konserti olacaq.

Festivalın son günündə isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri (dirijor Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilov) və F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) çıxış edəcək.

Qeyd edək ki, festivalın bağlanış mərasiminin keçiriləcəyi 7 iyul Şəki üçün əlamətdar tarixdir. 2019-cu ilin həmin günü UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi təşkilatın Dünya İrsi Siyahısına daxil edilib. 7 iyul Şəkidə “Şəhər günü” kimi qeyd edilir.

2010-cu ildən bəri 11 dəfə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etmiş qədim şəhər ümumilikdə 40-dək ölkədən kollektivləri, musiqiçilər, musiqişünasları bir araya gətirib. Musiqinin “İpək Yolu” yenə Şəkidən keçir...