“Festivala “İntizar” operası ilə başladıq. Bu opera bizim tarixi Qələbəmizə həsr olunub. Bu Qələbəni müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz, igid əsgər və zabitlərimiz əldə edib.
Bu sözləri Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə söyləyib.
Festivalın proqramının zəngin olduğunu vurğulayan Firəngiz Əlizadə diqqətə çatdırıb ki, beş gün ərzində rəngarəng konsertlər təqdim olunacaq. Hərbi orkestrin ifasında vətənpərvərlik mahnıları, musiqilər səsləndiriləcək. Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, “Zəfər” muğam qrupu, həmçinin türk xalqlarının nümayəndələri çıxış edəcəklər. “Budəfəki festival çox əlamətdar vaxtda keçirilir. Bu il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. On iki dəfə festival keçirmək, doğrudan da, çox qürurverici hadisədir. Ümid edirik ki, festivalımız bu dəfə də şəkililərin, şəhərin qonaqlarının ürəyincə olacaq”, – deyə Firəngiz Əlizadə vurğulayıb.