Ziyadxan Əliyev: “Rəssamlarımız 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq qarşısında borcludurlar”

 

O, 75 illik həyat səhifəsinin 40 ildən çoxunu sənətşünaslıq sahəsinə həsr edib. Uzun illərdir görkəmli sənət xadimləri, özünü bu sahədə tapmağa çalışan gənclər haqqında məqalələr yazıb, kitablar çap etdirib. Qəzetimizlə də sıx əməkdaşlıq edib, oxucularımız onun təhlili yazılarını səbirsizliklə gözləyiblər. Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının Tənqid və sənətşünaslıq bölməsinin rəhbəri, Azərbaycan Rəssamlıq Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev həmişə kimlərinsə haqqında yazıb, fikirlər söyləyib, bu gün isə biz onun özünü dinləyəcəyik.

“Yubileyi necə qeyd edəcəksiniz?” sualıma cavabında dedi ki, işlərin çoxluğundan yubiley ili olduğunu unutmuşdum. Əgər unutmasaydım, may ayında “İstedadlar ocağı” kitabımın təqdimat mərasimində yeni nəşrin yubileyimə həsr olunduğunu qeyd edərdim. Təqvimdir də, illər ötür. İnanmağım gəlmir ki, 75 yaşım olur. Həmişə yaşımı düşünəndə yadıma Xalq rəssamı Səttar Bəhlulzadə düşür. Deyirəm ki, o, 65 yaşında dünyasını dəyişib...

 

– Ziyadxan müəllim, Səttar demişkən, siz çıxışlarınızda mütləq bu böyük sənətkarımızın adını çəkirsiniz. Yüzlərlə sənətkar haqqında məqalə yazan bir sənətşünas olaraq bu gün özünüz barədə nə yazardınız?

– Bir neçə gün əvvəl rəssam Pəri Miniatürün sərgisində çıxışım zamanı dedim ki, çox adam elə bilir ki, bu dünyada yalnız insanın namusu olur. Lakin peşənin də namusu var. Ona görə də peşə namusuna xəyanət etmək olmaz. Mən bu sahəyə, sənətşünaslığa məqsədli şəkildə gəlmişəm. Bu gün özüm də sənətşünaslara dərs deyirəm. Görürəm ki, onların əksəriyyəti sənətə təsadüfi gəlib. Humanitar fənnə testlə imtahan verib bal yığa bilmədiyi üçün bu sahəyə düşüblər. Ona görə də auditoriyaya girəndə ilk sualım bu olur: kim ərizəsində birinci olaraq sənətşünaslıq ixtisasını yazıb? Bəzən deyirlər, ay müəllim bu sualı niyə verirsiniz, deyirəm ona görə soruşuram ki, görüm sizə dərsi nədən başlayım. Mən özüm Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirmişəm. Səttar məsələsinə gəlincə isə, onun adını tez-tez çəkməyim də səbəbsiz deyil. Həyata baxışımda, sənəti dərk etməyimdə Səttar Bəhlulzadənin böyük rolu olub. Uşaq idim, rayondan Bakıya gəlmişdim. Səttarı görmək nağıla bənzər bir şey idi. Təsadüf elə gətirdi ki, biz yaxınlaşdıq, dostlaşdıq, hətta mənim elçiliyimi də Səttar elədi. Bunların hamısı mənim həyatımda böyük əhəmiyyət kəsb edir. Özümü ona borclu hesab edirəm. Səttar Bəhlulzadə haqqında 4 kitab yazmışam, xeyli məqaləm var. Görürəm ki, hələ də yazmadığım məqamlar qalır. Onun haqqında kitablarımdan biri “Günahlı dünyanın günahsız adamı” adlanır. Oxuyuram, bəzən o cümlələri yazdığıma şübhə edirəm. Bu inam haradan gəlir? Rəssamlıq sənətimizdə deyərdim ki, onun baxışı heç kimdə yoxdur.

 

– Yeri gəlmişkən, Səttar Bəhlulzadəni yetəri qədər tanıda bilmişikmi?

– Onun sənəti bənzərsizdir və çox təəssüf ki, biz hələ onu dünyaya yaxşı tanıda bilməmişik. Mən rəngkarlığı fərqlənmə diplomu ilə bitirən gün Səttar gəlib məni təbrik etdi. Məktəbdə mənə dərs deyən müəllimlərdən Səttarla yola getməyənlər də var idi və inanmırdı ki, onunla dostluq etdiyim üçün mənə fərqlənmə diplomu versinlər. O, fərqlənmə diplomu aldığımı biləndə buna çox sevinirdi. Deyirdi ki, sən məni göylərə qaldırdın. Mən ona rəngkar olmaq istəmədiyimi deyəndə çox hirsləndi və gileyləndi. Sənətşünas olmağımı istəmirdi. Deyirdi, sənətşünasların öz sözü, qətiyyəti yoxdur. Biz xeyli mübahisə edəndən sonra razılaşdıq. 2009-cu ildə 100 illiyi ilə bağlı kitab hazırlayarkən onun gündəlikləri ilə tanış oldum. Gördüm ki, o sənətşünaslardan nə qədər narazıdır və bu fikrində haqlıdır. Yəqin istəmirdi ki, mən də onlardan biri olam. Deyəsən, mən həmin sənətşünaslardan olmadım. Bir az da diliacı oldum. Dostumuz Xalq rəssamı Arif Hüseynov məni “diliacı”, ədəbiyyatşünas Firudin Qurbansoy isə məni “təbərrük sənətşünas” adlandırır. 

Tələbə vaxtı bir bukinist mağazası vardı. 20 manat təqaüdümün 10 manatına həmin mağazadan kitablar alardım. Bu kitabları oxuyaraq başa düşdüm ki, sənət haqqında sözün düzünü demək lazımdır. Rəssamlıqda təkcə rəsmi bilmək, rəngi bilmək yox, həm də rəsm cəsarəti olmalıdır. Sən cəsarətli olmasan, rəssam yox, şəkilçəkən olacaqsan. Gördüklərini köçürəcəksən. Rəssamlıq odur ki, heç kimin görə bilmədiyini duyub ifadə edəsən. Rəssamlıq ruhsal sənətdir. Sən rəngləri duyğulandırmalı, ruhlandırmalısan. Mən oxuduğum illərdə Azərbaycanda sənətşünaslıq ixtisası tədris olunmadığı üçün 1976-1982-ci illərdə İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Sənətşünaslıq fakültəsində təhsil aldım.

 

– Necə xatırlayırsınız həmin illəri?

– Bizdən imtahan götürən rus xanım məndən haradan gəldiyimi soruşdu. Mən də kənddən gəldiyimi dedim. O, dil bilgimə məəttəl qalıb mənə “əla” yazdı...

 

– Ümumiyyətlə, sənətşünaslığın çətinliyi nədədir? Bu sahəni seçdiyinizə görə peşman olmusunuzmu?

– Bu təbəqədən bir qədər incik düşsəm də, heç vaxt peşman olmadım. Bir gün evdə istirahət edərkən düşündüm ki, məzunu olduğum Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin mənim boynumda haqqı var. Sponsorlu, ya sponsorsuz əziyyətə qatlaşıb onun haqqında kitabı mütləq ərsəyə gətirəcəyəm. “İstedadlar ocağında” kitabını yazanda üç il arxivlərdə axtarış apardım. 560 səhifəlik kitabın dizayneri də bəxtimdən qızım oldu. Deyim ki, heç kim bəlkə də nazıma dözməzdi. Gündə bir neçə dəfə dəyişikliklər edirdim.

 

– Bu qədər sənətkarın həyat və sənət yolunu qələmə alarkən müxtəlif talelər, sənət məktəbləri sizin mənəvi dünyanıza necə təsir göstərdi?

– Məncə, bu, sənətşünasın intellektindən asılıdır. Mənim aləmimdə sənətşünasın rəssamlıqdan anlayışı olmalıdır. Sahənin bədii-texniki məsələlərinə bələd olmalısan. Rəsm çəkməyin nə qədər asan və çətin olduğunu bilməsən, çəkilənə qiymət verə bilməzsən. Məsələn, hamı mənim Xalq rəssamı Tahir Salahov sənətinə münasibətimi bilir. O, Rəsul Rzanın portretini elə işləyib ki, dodağın altına bir qara ləkə verib. Baxırsan, necə yerinə düşüb. Bir əsərə çox adam baxır, amma hər kəs vacib detalları görmür. Onu görənlər rəssam ola bilir. Bakıda “Mircəfər Bağırov körpüsü” var. Bəlkə də o körpüdən yüzlərlə rəssam keçib, heç kimin diqqətini çəkməyib. Tahir Salahov onu gördü və “sənaye Bakısının obrazı”nı yaratdı. Sənətdə gərək bütün dövrlərin cərəyanlarını biləsən. Sənətşünaslıq üç hissədən ibarətdir: gərək şair olasan, hüquqşünas olasan, bir də cəngavər. Birinci və ikincidə bir az zəifləyə bilərsən, amma cəngavərliyi boş buraxmaq olmaz. Çünki cəngavər olmasan, sənin sözünün kəsəri olmaz. Amma belə baxanda ədəbiyyatı da, tarixi də bilməlisən. Hamısından xəbərdar olmalısan...

 

– Uşaqlıq illərinizi necə xatırlayırsınız? Həyatda qazancınız nə olub?

– Beş il əvvəl Şamaxıda 70 illiyimə həsr olunan tədbirdə bu sualı mənə verdilər. Dedim, mən ona şadam ki, kitab olmayan bir evdən kitab yazan çıxdı. Bizim evdə heç vaxt kitab olmayıb. Anam da, atam da fəhlə idilər. Kitabxanadan oxumağa üç kitab verirdilər. Yalvar-yaxar, dörd kitab alıb lampa işığında oxuyurdum.

Onu da deyim ki, hələ məktəbli ikən mətbuatda çıxış etməyə başladım. 1961-ci ildə “Pioner” qəzetinə rəsmlər yollamışdım. Bu rəsmlər üzərindən mənim adıma bir məqalə hazırlamışdılar. Tələbəlik dövründə isə ilk məqaləm 1978-ci il fevral ayının 21-də “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu. O zaman baş redaktor rəhmətlik Davud Nəsib idi. Onu da qeyd edim ki, o dövrdə yaşlı nəsil bizi asanlıqla qəbul etmirdi. İndi gənc sənətşünasların bəxti gətirib. Biz onlara hər zaman dəstək olmağa çalışırıq. Bir dəfə Xalq rəssamı Kazım Kazımzadə məni yolladı professor, sənətşünas Məmmədağa Tərlanovun yanına. Elə içəri girib mən Ziyadxanam demək istəyirdim ki, dedi biz səni tanıyırıq, sən bizi tanımaq istəmirsən. Vaxtilə məni sənətşünas kimi AMEA-da işləməyə dəvət etdilər. Lakin maddi baxımdan sərf etmədiyi üçün bu təklifi qəbul etmədim. Mən həmişə sərbəstliyi sevmişəm.

 

– Bir az da pedaqoji fəaliyyətinizdən danışaq...

– Hazırda Rəssamlıq Akademiyasında dərs deyirəm. Bir neçə gün əvvəl pedaqoji şuranın iclası idi. Bəzən 20-25 fənn tədris olunur ki, biz bir sənətşünas yetişdirək. Amma sənətşünas əlinə qələm alıb yazmağı bacarmalıdır. Əfsus ki, yaza bilən sənətşünaslar az yetişir. İndi çalışırıq ki, bu sahədə dönüş yaradaq. Dörd il oxuyan tələbə bəzən bir məqalə belə yazmır. Tədrisdə müəyyən problemlər həmişə olub. Müəllim fənnin adı ilə tanınmalıdır. Bu məqamda onu da qeyd edim ki, bizdə müəllimlər bəzən miniatür sənətini kitab qrafikası kimi təqdim edirlər. Amma bu düzgün yanaşma deyil. Miniatür türk xalqlarına məxsusdur. Mani fəlsəfəsidir və kökü VII əsrə gedib çıxır. Qərb rəssamlarının və xristian alimlərinin yanlış təqdimatı ilə miniatür sənətinin yalnız kitab tərtibatında tətbiq olunduğu düşünülür. Deyilir ki, miniatür qədim əlyazmalarda, kitablarda bəzəkli, rəngli hərfdir. Ancaq miniatür ən qədim Azərbaycan və türk təsviri sənətidir. Xüsusilə klassik Şərq ədəbiyyatının təsiri ilə inkişaf edib. Miniatür sənət yox, universal bir üslubdur.

 

– Ümumiyyətlə, sənət sizin üçün nədir?

– Müxtəlif sahələrindən asılı olmayaraq, sənət özünüifadədir və bu özünüifadədə bir iz olmalıdır. “İzim qaldı” ifadəsi kimi. Bu iz təkrarla, yamsılamaqla qalan deyil, yeni münasibət, orijinal baxış tələb edir. Peşəyə vicdanla, hərtərəfli yanaşanda əsl sənət yaranır.

 

– Bəs yazmaq nədir?

– Yazmaq, əslində, yaradıcı adamın missiyası deməkdir. Yazmaqla özünü zamansızlığa qovuşdurursan. Təkəbbürlük olmasın, mənə elə gəlir ki, yazdığım kitablar tarixdə qalacaq. Hər bir sənətşünas dövrünün aynası olmalıdır.

 

– Təsviri sənətimiz necə, bu gün üzərinə düşən missiyanın öhdəsindən gəlirmi?

– 1991-ci ilə qədər rəssamlıqda əsasən sosializm realizmi hökm sürürdü. Sonrakı illərdə tariximizi əks etdirən əsərlər yarandı. Bu gün sanki zəifləmə gedir sənətdə. İndi bədii şura rəssamların vicdanıdır. Bu gün çoxsaylı fərdi sərgilər olur. Sovet dövründə rəssamların 90 faizinin fərdi sərgisi keçirilmirdi... Vətənpərvərlik hissi artsa da, sənət hissi azalıb. Biz gərək layiqli əsərlər yaradaq. Bizim rəssamlar 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq qarşısında borcludurlar. Bəhruz Kəngərli “Qaçqınlar” silsiləsini yaratmaqla XX əsr rəssamlarının üzərindən o günahı yudu. Bu əsərlər bir tarixi sənədə çevrildi. Ona görə də xalqı tanıdan mədəniyyətdir.

 

– Ziyadxan müəllim, “Mədəniyyət” qəzetinin kollektivi adından yubileyinizi təbrik edir, sizə cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.

– Diqqətinizə görə təşəkkür edirəm.

Söhbətləşdi: Lalə Azəri