Xəbər verdiyimiz kimi, iyulun 3-də Uşaq İncəsənət Festivalının növbəti – regional mərhələsi başlanıb.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən festivalın regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirilir.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə iştirakçılar arasında keçirilən II mərhələ iki məntəqədə – Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbi və Ağdaş rayon Heydər Əliyev Mərkəzində reallaşıb.
3-4 iyul tarixlərində fortepiano ifaçılığı, akademik vokal, estrada oxuma, xor, aşıq sənəti və xanəndəlik nominasiyaları üzrə festivalın birinci mərhələsində uğurlu nəticə əldə etmiş iştirakçılar bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, birinci mərhələdə iştirak etmiş şəxslər ikinci mərhələyə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az rəsmi internet portalından əldə edə bilərlər. Bunun üçün www.uif.az saytına daxil olub “II mərhələ” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya şəxsiyyət vəsiqəsinin FİN nömrəsini yazmaq lazımdır.
Nurəddin Məmmədli