Heydər Əliyev Mərkəzində 3-7 iyul tarixlərində keçirilən Bakı Yay Caz Günlərinə məşhur kubalı caz pianoçu Alfredo Rodriges də qatılıb. “Qremmi” mükafatı nominantı caz pianoçunun triosu ilə Bakı konserti dünya turnesi çərçivəsində keçirilib.
Mərkəzin Auditorium zalında iyulun 4-də gerçəkləşən konsert cazsevərlərə unudulmaz musiqi zövqü bəxş edib. Konsertdə musiqiçilərin dinamik improvizələri tamaşaçıların coşqulu alqışları ilə qarşılanıb.
Alfredo Rodriges ilk dəfə 2006-cı ildə İsveçrənin Montre şəhərində keçirilən nüfuzlu caz festivalında iştirak edib və ecazkar caz improvizasiyaları ilə yadda qalıb. Həmin vaxtdan dünya şöhrəti qazanan ifaçı 2009-cu ildə ABŞ-yə köçərək cazın vətənində öz sənətini nümayiş etdirib. O, Esperansa Spolding, Makkoy Tayner, Patti Ostin, Riçard Bona, Ueyn Şorter kimi məşhur musiqiçilərlə bir səhnəni bölüşüb.
Qeyd edək ki, bu il 5-ci dəfə təşkil edilən Bakı Yay Caz Günlərinin konsertləri qapalı məkanla yanaşı, açıq havada da təqdim edilir.
İyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə çıxış edib. Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara caz axşamı bəxş ediblər.
Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.