Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1994-cü il 1 iyun

 

Prezident Heydər Əliyev Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində olub. Həmçinin Bakı Xoreoqrafiya Məktəbinin müəllim və şagird kollektivi ilə görüşüb.

***

Heydər Əliyev bəstəkar, Əməkdar incəsənət xadimi Şəfiqə Axundovanı 70 illik yubileyi münasibətilə təbrik edib. “Sizin qoca Şərqdə opera yazan ilk qadın bəstəkar kimi tanınmağınız xalqımız üçün böyük fəxrdir. Əminəm ki, qəlblərə yol açan əzəmətli və ecazkar musiqiniz gənclərin mənəvi dünyasına saflıq və aydınlıq, əzəmət və qüdrət bəxş edəcək, xalqımızın mübarizə əzmini, qurub-yaratmaq eşqini daha da qüvvətləndirəcəkdir”, – deyə təbrik məktubunda bildirilirdi.

 

1994-cü il 4 iyun

 

Prezident Heydər Əliyev Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Xalq yazıçısı İsmayıl Şıxlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.

Heydər Əliyev İsmayıl Şıxlını 75 illik yubileyi münasibətilə təbrik edib. Təbrik məktubundan sitat: “Azərbaycan xalqının böyük bir nəslinin layiqli övlad, əsl vətəndaş və hərtərəfli şəxsiyyət kimi yetişməsində sizin əməyiniz böyükdür. Siz istedadlı yazıcı, müdrik və mahir pedaqoq, mübariz vətəndaş kimi xalqın qəlbində əbədi məskən salmısınız”.

 

1994-cü il 23 iyun

 

Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Xəlil Rza Ulutürklə (22 iyunda dünyasını dəyişmişdi) vida mərasimi keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.

“XX əsrdə Azərbaycanın görkəmli simalarından biri – şair, yazıçı, filosof, alim, xalq azadlığı uğrunda fədakar mübariz, böyük vətəndaş Xəlil Rzanı itirmişik. Bu, böyük itkidir... Xəlil Rza xalqımıza böyük ədəbi irs qoymuş, mədəniyyətimizi, ədəbiyyatımızı zənginləşdirmişdir. Xəlil Rza Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ön cərgələrində getmiş, bu mübarizəyə qalxmış gənclərimizə həm alim, həm şair kimi, həm də hörmətli bir insan kimi örnək olmuşdur... Mən daim onun yaradıcılığına, insanlığına, vətəndaşlığına, ən çox da cəsurluğuna, öz ideyalarından dönməzliyinə hörmət etmişəm, onu yüksək qiymətləndirmişəm. Ona görə də bu itki bütün Azərbaycan xalqı kimi, mənim üçün də böyük bir itkidir... Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar üçün nümunə olacaqdır...”.

 

1994-cü il 26 iyun

 

Prezident Heydər Əliyev yazıçı Hüseyn İbrahimova 75 illiyi münasibətilə təbrik məktubu göndərib.

 

1994-cü il 18 iyul

 

Prezident Heydər Əliyev Azərbaycan incəsənət ustalarının konsertində olub.

 

1994-cü il 1 avqust

 

Prezident Sarayında Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Dövlət Komissiyasının iclası keçirilib. Komissiyanın sədri, Prezident Heydər Əliyev iclasda geniş nitq söyləyib.

“...Respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik.

Dahi Füzulinin 500 illik yubileyinin keçirilməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir. Bu eyni zamanda həm də mədəniyyətimizi, tariximizi təbliğ etmək üçün çox əlverişli fürsətdir və biz bundan hərtərəfli istifadə etməliyik...

Məhəmməd Füzuli kimi şəxsiyyəti olan xalq fəxr edə bilər. Lakin dünya birliyində, dünya xalqları arasında onun tarixini, mədəniyyətini, milli ənənələrini təbliğ etmək, yaymaq, sübut etmək üçün belə yubileylər həmişə böyük bir vasitədir. Ona görə də, çətinliklərimizə baxmayaraq, bu yubileyi gərək yüksək səviyyədə keçirək. Əvvəla, Füzuli özünün yaradıcılığına, ədəbi, elmi və fəlsəfi irsinə görə buna layiqdir və Azərbaycan xalqının bugünkü, XX əsrin sonunda yaşayan nəsli ona öz minnətdarlığını bildirməlidir. İkincisi, bu yubileyi keçirərkən biz xalqımızın özünü daha dərindən tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin, xüsusən gənclərin tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə necə töhfələr verdiyini bir daha dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə gənc nəsildə milli iftixar, vətənpərvərlik hissini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir.

UNESCO Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar qərar qəbul etmişdir. Bildiyiniz kimi, UNESCO hər il bu qəbildən olan qərarlar qəbul edir. Lakin bu imkandan necə istifadə etmək, şübhəsiz ki, hər bir ölkənin, xalqın özündən asılıdır. Ona görə də biz gərək yubileylə əlaqədar respublikamızdan kənarda keçirilən tədbirlərə xüsusi əhəmiyyət verək. Türkdilli ölkələrdə Füzulinin yubileyinin keçirilməsi də bu tədbirlər sırasına daxildir.

Yubiley təntənələrində Füzulini dünya miqyasında nə qədər geniş təbliğ edə bilsək, şübhəsiz ki, xalqımızı, onun tarixini, mədəniyyətini, mənəviyyatını bir o qədər çox tanıda, təbliğ edə biləcəyik. Bu bizdən ötrü indi çox vacibdir. Respublikamızı təkcə zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq...”.

Hazırladı: V.Orxan

(davamı var)