Mingəçevir Dövlət Dram Teatrı cari mövsümünü “Mövsümün bağlanış həftəsi” adı altında bir neçə səhnə işini yekunlaşdırır.

Həftənin ilk tamaşası iyulun 10-da premyerası reallaşan “Yaddaş, təqvim və kukla” (Elçin Məhərrəmli) ilə olub. Səhnə əsəri həyatı boyu insanlara pislik etmiş bank müdirinin yaddaş xəstəliyinə düçar olmasından və qarşılaşdığı uğursuzluqlardan bəhs edir.

Tamaşaya teatrın baş rejissoru Vüsal Mehrəliyev quruluş verib, quruluşçu rəssam Pakizə Adilbəyli, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Rolları Afiq Yusifov, Hüseyn Mustafayev, Vüsalə Quliyeva, Aydın Quliyev, Ceyhun Yusif, Nargilə Abdullayeva, Vəfa İsmayılova, Afət Əliyeva və b. ifa edirlər.

Balaca teatrsevərləri də unutmayan Mingəçevir teatrının təmsilçiləri iyulun 11-də “Odunçunun nağılı” adlı kukla tamaşasını onların ixtiyarına veriblər.

İyulun 12-də isə S.S.Axundovun “Tamahkar” əsəri əsasında hazırlanan eyniadlı səhnə nümunəsinin premyerası olacaq.