Qusar Dövlət Dram Teatrında yeni səhnə əsəri üzərində məşqlər yekunlaşıb. Məişət mövzulu tamaşa Məcid Şamxalovun əsəri əsasında hazırlanan “Pərixanım” tamaşasının quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
Rolları Sədaqət Əlimuradova, Emma Xeyirbəyova, Lalə Qurbanova, Yalçın Qaraxanov, Malik Ramazanov, Samir Babayev, Yuriy Kərimov, Diana Cəfərova, Həsrət Nəsrullayev və Mirzə Salmanov ifa edirlər.
Cəmiyyətdə dedi-qodunun insan taleyinə vurduğu zərbələri bir gənc qızın timsalında təqdim edən səhnə əsəri yeni mövsümdə tamaşaçılara təqdim olunacaq.
Qusarlı teatr təmsilçiləri cari mövsümünün bağlanışını da tamaşaçılar üçün yaddaqalan etməyə çalışırlar. Mövsümün bağlanışını səhnədə deyil, şəhər meydanında edəcəklər. İyunun 18-də burada mədəni-kütləvi tədbir keçiriləcək və “Hekayəti xırs-quldurbasan” (M.F.Axundzadə) tamaşası nümayiş olunacaq.