Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişaf etdirilməsi, bu sahədə yeni istedadların yetişməsi və tanıdılması məqsədi daşıyır. 2022-ci ilin mart ayından həyata keçirilən layihə bu sənət mövsümündə də maraqlı konsert proqramları ilə yadda qaldı. Bu il layihə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Filarmoniyada piano və trombon ifaçılarının çıxışı
İyulun 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar”ın növbəti konserti keçirilib.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Kəngərli, Eldəniz Ələkbərzadə (hər ikisi piano), Kamal Qədirov (trombon) çıxış ediblər.
Gənc musiqiçiləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Mustafa Mehmandarov) müşayiət edib.
Proqramda F.Pulenkin “İki piano və orkestr üçün konsert”i (d-moll, FP 61) və L.Qröndahlın “Trombon və simfonik orkestr üçün konsert”i ifa olunub. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb.
***
Bundan öncə də “Yeni adlar” layihəsində çıxış edən Nərgiz Kəngərli 2008-ci ildə Bakı Musiqi Akademiyasının (BMA) məktəb-studiyasını, 2012-ci ildə BMA-nı bakalavr, 2004-cü ildə isə magistr səviyyəsi üzrə fərqlənmə diplomu ilə başa vurub. 2004-cü ildə pianoçuların Q.Qarayev adına II Beynəlxalq müsabiqəsinin laureatı olub. 2012-ci ildə Litvada keçirilən “Hüdudsuz musiqi” (“Music Without Limits”) XII Beynəlxalq festival-müsabiqəsində, 2015-ci ildə VII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan müsabiqədə laureat adını qazanıb. 2013-cü ildən BMA-da pedaqoji fəaliyyətlə də məşğuldur.
Eldəniz Ələkbərzadə 1996-cı ildə Bakıda anadan olub. 2003-2012-ci illərdə Sankt-Peterburq şəhərindəki V.Andreyev adına Musiqi məktəbində təhsil alıb. 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini, 2020-ci illərdə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə başa vurub. Hazırda təhsilini Paris şəhərindəki “Ecole Normale Alfred Cortot” məktəbində davam etdirir. 2015-ci ildə Türkiyənin İzmir şəhərində “Mozart Academy” beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2019-cu ildə İtaliyanın Qrosseto şəhərində keçirilən A.Skryabin adına beynəlxalq müsabiqədə diplomant adını qazanıb. Gənc musiqiçinin respublikanın müxtəlif səhnələrində konsertləri təşkil edilib.
Kamal Qədirov 1991-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Mərdəkan qəsəbəsində 17 saylı Musiqi məktəbində alıb, daha sonra AMK nəzdində Musiqi Kollecində oxuyub. 2022-ci ildə isə BMA-nın bakalavr pilləsini instrumental ifaçılıq (trombon) ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildə XI Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edib. Hazırda ölkənin bir çox ansambl və orkestrlərində solist kimi musiqi fəaliyyətini davam etdirir.
Muzeydə klassik musiqi axşamı
“Yeni adlar” layihəsi üzrə daha bir musiqi axşamı iyulun 10-da Azərbaycan Milli İncəsənət Muzeyində gerçəkləşdi.
Prezident təqaüdçüləri Atabala Manafzadə (piano) və Orxan Hüseynov (violonçel) musiqisevərlər qarşısında çıxış etdilər.
Tamaşaçılar arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar var idi.
Proqramda F.Şubertin “Sonata” (a-moll, d.821), R.Şumanın “Fantasiestücke” (op.73) və D.Şostakoviçin “Sonata” (d-moll, op.40) əsərləri ifa edildi.
***
Atabala Manafzadə 1998-ci ildə anadan olub. 2015-ci ildə G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbini, 2019-cu ildə BMA-nın bakalavr pilləsini (fərqlənmə diplomu) bitirib, təhsilini magistraturada davam etdirib. Təhsil müddətində A.Ragone, Y.Boqdanov, A.Əliyeva, A.Duran, E.Podlodski və digər dünya şöhrətli pianoçulardan ustad dərsləri alıb. Serbiyanın paytaxtı Belqradda IX “Davorin Jenko” beynəlxalq müsabiqəsində iki yaş qrupunda I dərəcəli diploma layiq görülüb. İstanbulda VII “Pera piano” müsabiqəsində də birinci yeri qazanıb. O, həmçinin Aleksandr Skryabinin əsərinin ən yaxşı ifaçısı nominasiyasında birinci olub. Adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılaraq Prezidentin aylıq təqaüdünə layiq görülüb.
Orxan Hüseynov 1999-cu ildə Bakıda doğulub. 2016-cı ildə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbini, 2020-ci ildə BMA ifaçılıq fakültəsində bakalavr (SABAH qrupları), 2022-ci ildə isə magistr pilləsini fərqlənmə ilə bitirib. 2013-cü ildə keçirilən “İslam dünyası” gənclərinin II beynəlxalq müsabiqəsi və 2016-cı ildə Gürcüstanda təşkil olunan VI “Harmoniya” beynəlxalq müsabiqələrinin qalibi olub. Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Kamera Orkestri ilə birlikdə konsertlərdə çıxışlar edib. Həmçinin Paris, Berlin, Moskva, Tbilisi və s. şəhərlərdə konsertlərdə səhnəyə çıxıb. 2016-cı ildə Prezident təqaüdünə layiq görülərək adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. 2022-ci ildə dövlət başçısının sərəncamı ilə “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb. 2020-ci ildən “Baku Chamber Orchestra”də fəaliyyət göstərir.
Bununla da “Yeni adlar”ın növbəti mövsümü başa çatdı. Layihə sentyabrdan yeni mövsümdə davam edəcək.
Nurəddin