Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə hazırladığı “Sən elə bir zirvəsən!” adlı musiqili-tarixi esseni Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şəkidə nümayiş etdirib.

Teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallının, həmçinin teatrın xor və balet heyəti üzvlərinin iştirak etdiyi səhnə əsəri böyük maraqla qarşılanıb.

Tamaşadan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək  yaradıcı kollektivə minnətdarlığını bildirib, teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə təşəkkürnamə təqdim edib.

Musiqili-tarixi essenin ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.

Xatırladaq ki, Musiqili Teatrın yaradıcı heyəti bu tamaşa ilə Gəncə şəhərində də qastrolda olub.