Sumqayıt Dövlət Dram Teatrının 54-cü mövsümünü iyulun 16-da Hafiz Ataxanlının “Xəzinə” pritçası əsasında hazırlanan tamaşa ilə başa vuracaq.

Qeyd edək ki, əsər “Nizami Gəncəvi İli” (2021) çərçivəsində Mədəniyyət Nazirliyinin sifarişi ilə yazılıb. Xalq artisti, teatrın baş rejissoru Firudin Məhərrəmovun quruluş verdiyi tamaşa özündə dahi Nizami Gəncəvinin ideyalarını ehtiva edir.

Zəka ilə sərvətin, daş-qaşın mübarizəsi tamaşa boyu diqqət mərkəzinə çəkilir. Beş poemanın əsas obrazlarının cəm olduğu pritçada insan və onun kamilliyi, zəkanın qüdrəti kimi mesajlar verilir.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, icraçı rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Telman Qəniyevdir. Rolları Əməkdar artist Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Siyavuş Mahmudov, Vəfa Qurbanova, İlahə Səfərova, Habil Xanlarov, Yalçın Səlimov, Aynur Hümbətova, Məryəm Hüseynli, Şəmistan Süleymanlı, Ümid Abbas, Kamran Muradlı və Ramazan Xanlarov ifa edirlər.