Şuşa teatrının qastrol tamaşası

 

Şuşa Dövlət Musiqili Dram Teatrı iyulun 11-də Laçın şəhərində sakinlərin qonağı olub. Yaradıcı kollektiv Laçın şəhərində tədbir və toplantılar üçün qurulmuş çadırda sakinlər qarşısında “Lənkəran xanının vəziri” komediyasını nümayiş etdirib.

Teatrın direktoru Əməkdar artist Yadigar Muradov çıxışında Laçının işğaldan öncəki gözəl günlərini, bu məkanla bağlı xatirələrindən kövrək anları yada salıb.

Tamaşada baş rollardan birinin ifaçısı, əslən laçınlı Mətanət Eres Şuşa ilə Laçın arasındakı 32 kilometrlik məsafənin tarixin və taleyin hökmü ilə 31 ilə qət edildiyini söyləyib, bu günləri yaxınlaşdıran hər kəsə təşəkkürünü bildirib.

Səhnə əsəri maraqla qarşılanıb, M.F.Axundzadənin məşhur komediyasının qəhrəmanları tamaşaçıları xeyli güldürüb.

Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva müasir şəhər kimi dirçəlmiş Laçının qısa müddətdə Qarabağın sənət, elm, yaradıcılıq mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb. O, doğma yurda qayıdanların, xüsusilə də balaca sakinlərin asudə vaxtının, mədəni istirahətinin təşkili üçün Bakı Abadlıq Xidmətinin burada müxtəlif layihələr həyata keçirmək niyyətində olduğunu deyib.

Qeyd edək ki, Laçın sakinlərinin doğma şəhərə qayıdışının başlandığı mayın 28-dən etibarən burada Qurban bayramı münasibətilə konsert, “Laçın” müstəqil teatr studiyasının “Arzular bağı” tamaşası, uşaqlar üçün dərnəklərdə əyləncələr də təşkil edilib. Yaxın zamanda Laçında ölkə teatrlarının rejissor və aktyor heyətinin qatılacağı “yay məktəbi”nin də təşkili nəzərdə tutulur.