İyulun 16-da Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, müğənni Mirzə Babayevin (1913-2003) anadan olmasının 110 illiyi tamam olur.
İlk ali təhsilini Sənaye İnstitutunun Memarlıq fakültəsində almış Mirzə Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) – məşhur müğənni Bülbülün sinfinə daxil olub. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazanıb.
Sənətkar müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışıb. Teleradionun qızıl fondunda onun ifasında saxlanılan xeyli sayda mahnısı var.
Mirzə Babayev aktyor kimi də Azərbaycan kinosuna töhfələr verib, “Dərviş Parisi partladır”, “Dəli Kür”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur”, “Qorxma, mən səninləyəm!”, “Bəyin oğurlanması” və digər ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.
Mirzə Babayev Azərbaycan estrada musiqisini yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb, musiqimizi xarici ölkələrdə də layiqincə təmsil edib.