Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Musiqi Təhsili Mərkəzi (International Musical Education Centre – IMEC) təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan konsert keçirilib.
IMEC-nin müəllim və şagirdlərinin iştirak etdiyi konsertdə klassik əsərlərlə yanaşı, caz, etno, hip-hop və rokun daxil olduğu çoxjanrlı proqram təqdim edilib.
Musiqi axşamında Ü.Hacıbəyli, Q.Qarayev, T.Quliyev, İ.S.Bax, L.Bethoven, N.Paqanini, S.Raxmaninov və başqa bəstəkarların əsərləri səsləndirilib.
Konsertdə gənc bəstəkar Nigar Kəngərli “Crescere” əsərini ilk dəfə musiqisevərlərə təqdim edib. Həmçinin “The Flames Band” kollektivinin ifasında əfsanəvi “Queen” qrupu və “Bon Jovi”, Azərbaycanın “Yuxu” qrupunun hitləri səsləndirilib.
Konsertin sonunda "Ey, Azərbaycanım!" (musiqi – Mikayıl Vəkilov, söz – Malik Fərrux) mahnısı yeni aranjimanda təqdim olunub.