Olaylar, faktlar (18–20 iyul)

 

621 il əvvəl...

 

20 iyul 1402-ci ildə Ankara yaxınlığında Əmir Teymurun qoşunları ilə Sultan İldırım Bəyazidin başçılıq etdiyi Osmanlı ordusu arasında tarixi döyüş olub. Asiyanın böyük hissəsinə hökmran olan  iki türk sərkərdəsinin üz-üzə gəldiyi döyüşdə Teymurun ordusu qalib gəlib, Bəyazid əsir götürülüb. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra qurduğu dövlətin süquta doğru getdi və Osmanlı dövləti güclənməyə başladı.

 

213 il əvvəl...

 

20 iyul 1810-cu ildə İspaniyanın Cənubi Amerikadakı müstəmləkəsi olan Kolumbiya müstəqilliyini elan edib. O vaxt Yeni Qranada adlanan Kolumbiya müstəqilliyini təsdiqləmək üçün İspaniya hökmranlığı ilə 15 il müharibə aparmalı oldu.

 

197 il əvvəl...

 

19 iyul 1826-cı ildə İran qoşunları Araz çayını keçərək Rusiyanın nəzarətində olan Şimali Azərbaycan torpaqlarına daxil olub, ikinci Rusiya-İran müharibəsi (1826-1828) başlanıb. İran Rusiya ilə 1804-1813-cü illər müharibəsindəki məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, yenə məğlub oldu. Türkmənçay müqaviləsinə əsasən (10 fevral 1828), ruslar İranın nəzarətindəki İrəvan və Naxçıvan xanlıqlarını da ələ keçirdilər. Bununla da Araz çayından şimalda bütün Azərbaycan torpaqlarının Rusiyaya ilhaqı başa çatdırıldı.

 

153 il əvvəl...

 

19 iyul 1870-ci ildə Fransa və Prussiya arasında müharibə başlayıb. Tərəflər bir-biri ilə tarixi haqq-hesab çəkmək istəyirdi. 1871-ci ildə müharibədən Otto Bismarkın rəhbərlik etdiyi almanlar qalib çıxdılar. Fransa Elzas və Lotringiya bölgələrini itirdi. Fransanın üzərinə ağır təzminat qoyuldu, ordusu tərk-silah edildi. 1918-ci ildə, I Dünya müharibəsinin yekununda eyni aqibət Almaniyanı gözləyirdi.

 

115 il əvvəl...

 

18 iyul 1908-ci ildə Səttarxanın başçılıq etdiyi inqilab (Məşrutə inqilabı) Təbrizdə qələbə çalıb. Təbriz İran inqilabının (1905-1911) mərkəzinə çevrilib. 1909-cu ildə Cənubi Azərbaycanda yerli hakimiyyət orqanları qurulmağa başlandı. 1910-cu ilin martında Səttərxanın fədailəri Tehrana yürüşə başladılar, lakin İran monarxiyasının çar Rusiyasını köməyə çağırması ilə inqilab süqut etdi.

 

103 il əvvəl...

 

19 iyul 1920-ci ildə Xalq Cümhuriyyətinin qurucularından biri, 1918-1920-ci illərdə Azərbaycan Parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayev Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.

 

74 il əvvəl...

 

19 iyul 1949-cu ildə Fransanın Cənub-Şərqi Asiyadakı müstəmləkəsi olan Laos müstəqilliyini elan edib. Laos II Dünya müharibəsindən sonra, 1945-ci ilin oktyabrında müstəqilliyini bəyan etsə də, yenidən fransızlar tərəfindən işğal edilmişdi. Fransa keçmiş müstəmləkəsini müstəqil dövlət olaraq  yalnız 1953-cü ildə tanıdı.

 

49 il əvvəl...

 

20 iyul 1974-cü ildə Kiprin yunan rəhbərliyinin adanın şimalında yaşayan türklərə qarşı başlatdığı deportasiya və enozis (Kiprin Yunanıstana birləşdirilməsi) siyasətinə cavab olaraq Türkiyə adaya hərbi kontingent yeridib. 1571-1878-ci illərdə Osmanlının tərkibində olan Kipr Balkan müharibəsindən sonra Britaniyanın nəzarətinə keçmişdi. 1960-cı ildə Kipr müstəqilliyini elan etsə də, yunan və türk icması arasında münaqişə adanı faktiki iki yerə bölmüşdü. Türk ordusunun “Ayşə tətilə çıxsın” kod adı ilə başlanan 20 iyul hərəkatı Kipr türklərinin xilası oldu. 1975-ci ildə Kipr Türk Federal Dövləti quruldu. 1983-cü il 15 noyabrda dövlətin adı dəyişdirilərək Şimali Kipr Türk Cümhuriyyəti elan olundu. 20 iyul ŞKTC-də Barış ve Özgürlük Bayramı kimi qeyd olunur.

Hazırladı: V.Orxan