Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının ikinci – regional mərhələsi sona çatmaq üzrədir.

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə iştirakçılar arasında keçirilən II mərhələ Sabirabad rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət Mərkəzində reallaşıb.

3-5 iyul tarixlərində rayon Heydər Əliyev Mərkəzində rəssamlıq, dekorativ-tətbiqi sənət və rəqəmsal incəsənət nominasiyaları üzrə ümumilikdə 75 nəfər iştirakçı münsiflər qarşısında öz istedad və bacarıqlarını nümayiş etdirib.

3-13 iyul tarixləri ərzində Sabirabad rayon Mədəniyyət Mərkəzində piano ifaçılığı, klassik nəfəs alətləri ifaçılığı, xalq çalğı alətləri ifaçılığı, akademik vokal, estrada oxuma, xanəndəlik sənəti və aşıq sənəti nominasiyaları üzrə ümumilikdə 258 nəfər, həmçinin xor nominasiyası üzrə 2 xor qrupu iştirak edib.

Qeyd edək ki, adıçəkilən rayonlardan festivalın II mərhələsinə 17 nominasiya üzrə 493 nəfər iştirak hüququ qazanıb.

***

Şirvan-Salyan RMİ üzrə festivalın II mərhələsinə yekun vurulub. Bu mərhələdə region üzrə ümumilikdə 206 nəfər iştirakçı qabiliyyətini göstərib. İştirakçılar 14 nominasiyada – piano ifaçılığı, klassik simli alətlər ifaçılığı, Azərbaycan xalq çalğı alətləri ifaçılığı, akademik vokal, estrada oxuma, xor, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs, milli rəqs ansamblı, aktyorluq, bədii qiraət, dekorativ-tətbiqi sənət və rəssamlıq nominasiyalarında çıxış ediblər.

Qeyd edək ki, regional idarənin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə festivalın II mərhələsi Salyan Dövlət Kukla Teatrında reallaşıb.

***

Mərkəzi Aran RMİ-nin əhatə etdiyi Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonları və Mingəçevir şəhəri üzrə festivalın II mərhələsi başa çatıb.

Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbi və rayon Heydər Əliyev Mərkəzində keçirilən festivalın II mərhələsində 10, 11, 12 iyul tarixlərində Azərbaycan xalq çalğı alətləri ifaçılığı, dekorativ-tətbiqi sənət, rəssamlıq və rəqəmsal incəsənət nominasiyaları üzrə iştirakçılar öz istedad və bacarıqlarını ortaya qoyublar.

Ümumilikdə Mərkəzi Aran RMİ üzrə festivalın II mərhələsində fərdi qaydada 484 nəfər, qrup olaraq 29 kollektiv iştirak edib.

Xatırladaq ki, festivalın iyulun 3-də başlanan regional mərhələsi ölkəmizin 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçirilir.

N.Məmmədli