Beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, hazırda N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi olan Teymur Kazımov iyulun 14-də Bakıdakı Rus Evində solo konsert proqramı ilə çıxış edib.

Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina aparıb. Müşayiəti BMA-nın konsertmeysteri Dilarə Kərimova edib.

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov çıxışında Teymuru uğurları münasibətilə təbrik edib, istedadlı gənclərin yetişdirilməsində müəllim və valideynlərin mühüm rolunu vurğulayıb.

T.Kazımov hələ BMA-nın məktəb-studiyasında oxuduğu illərdə beynəlxalq müsabiqələrin qalibi olmaqla özünü təsdiqləməyi bacarıb. Onun parlaq nailiyyətlərindən biri görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazinin təşkil etdiyi “Florida Keys” VIII beynəlxalq musiqi müsabiqəsində qələbəsi olub. Bu il “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan müsabiqədə Teymur bir neçə klassik əsər, eləcə də Müslüm Maqomyevin məşhur “Azərbaycan” (“Baharlı yurdum”, sözləri Nəbi Xəzrinindir) mahnısını təqdim edib və Qran-prini qazanıb. Teymur bu qələbəsini BMA-nın məktəb-studiyasının yaradıcısı və 43 il direktoru olmuş, bu il vəfat etmiş professor Tərlan Seyidovun xatirəsinə həsr edib.

Bakıdakı Rus Evindəki konsertdə Teymur Kazımov məşhur operalardan parçalar ifa edib. Proqrama onun sənət dostlarının (Əməkdar artist Anton Ferştandt, Azərbaycan Dövlət Akademik Filarmoniyası Xor Kapellasının artisti Fərhad Ələkbərov, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova, Akademik Opera və Balet Teatrının xor artisti Ruslan Persan) ifasında estrada mahnıları da daxil edilib.

Diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri və sənətsevərlərin maraqla izlədiyi konsert alqışlarla yekunlaşıb.

Aytən İbrahimova
sənətşünaslıq üzrə fəlsəfə doktoru