Şuşa növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi

 

Xəbər verdiyimiz kimi, 14-15 iyul tarixlərində mədəniyyət paytaxtımız Şuşa növbəti dəfə Vaqif Poeziya Günlərinə ev sahibliyi etdi. Builki poeziya bayramı qala-şəhərimiz üçün əlamətdar bir ildə – Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirdiyi dövrdə keçirildi. Bu tədbir qardaş ölkələrdən də ədəbiyyat adamlarını bir araya gətirdi.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə keçirilən poeziya bayramı iyulun 13-də şairin doğma şəhərində – Qazax rayonunun Yuxarı Salahlı kəndində başlayıb. Çıxışlar dinlənilib, ənənəvi tədbirin tarixindən söz açılıb, konsert proqramı təqdim edilib.

İyulun 14-də Vaqif Poeziya Günlərinin iştirakçıları Şuşada tarixi, dini məkanları, Milli Xalça Muzeyinin Şuşa filialını ziyarət ediblər. Yuxarı Gövhər ağa məscidinin ərazisindəki mədrəsə binasında “Mir Möhsün Nəvvab Qarabaği: XIX əsrin ensiklopedik alimi” sərgisi ilə tanış olublar.

Həmin gün Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub.

Açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

AYB sədrinin birinci müavini Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Vətən müharibəsində Şuşanın işğaldan azad olmasından sonra ədəbiyyat bayramının artıq üçüncü dəfə təşkil olunduğunu söyləyib. Görkəmli şair və dövlət xadimi Molla Pənah Vaqifin yaradıcılığından söz açan Ç.Abdullayev deyib: “Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bu gün biz böyük şairimizin məqbərəsinin önünə Vaqif poeziyasının işığına toplaşmışıq. Azərbaycan Yazıçılar Birliyi adından hər birinizə təşəkkür edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir. Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı. Nə qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir. İnanıram ki, burada keçirilən bu bayramlar əbədi olacaq və düşmənin ayağı heç vaxt bu torpaqlara dəyməyəcək”.

Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı Şuşada Vaqif Poeziya Günlərinə dəvət olunmasından qürur hissi keçirdiyini deyib və tədbirin təşkilatçılarına təşəkkür edib. Şuşanın işğaldan azad olunduğu günlərdə Bakıda olduğunu və burada gördüyü möhtəşəm Qələbə sevincini ömrü boyu unutmayacağını bildirən Serhat Kabaklı deyib: “Həmin gün Bakının küçələrində Azərbaycan və Türkiyə bayraqlarının insanlar tərəfindən böyük coşqu və sevgi ilə dalğalandığını görmək olduqca sevincli idi. Gördüklərimdən o qədər duyğulanmışdım ki, göz yaşlarıma hakim ola bilmədim. İstanbula döndükdən sonra “Şükür” namazı qıldım və dua etdim ki, Allah mənə Şuşada da bu namazı qılmağı nəsib etsin. Çox şükür ki, Allah bunu mənə nəsib etdi. Bu gün Şuşada Vaqif Poeziya Günlərində yaşadığım unudulmaz hissləri ürəyimdə yenidən Türkiyəyə daşıyacağam”.

Sonra çıxış edən Xalq şairi Vahid Əziz, Özbəkistanın Xalq şairi Xurşud Davron, AYB-nin katibi Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, şair-tərcüməçi, TÜRKSOY Yazıçılar Birliyinin vitse-prezidenti Səlim Babullaoğlu Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi və “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını daşımasından danışıblar.

Vətənpərvərlik mövzusunda, eləcə də mədəniyyət paytaxtımız Şuşaya həsr olunmuş şeirlər səsləndirilib. Tədbir respublikanın incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

***

Həmin gün Şuşa Yaradıcılıq Mərkəzində müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xatirə xalça kompozisiyasının təqdimatı keçirilib. Dövlət rəsmiləri və mədəniyyət xadimləri unikal xalça nümunəsi ilə tanış olublar.

Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC tərəfindən həyata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isə “Azərxalça”nın yaradıcı komandasıdır.

Üç hissədən ibarət əsərin hər bir hissəsində Ümummilli liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə çatdırılır.

 

Kitab təqdimatı və elmi konfrans

 

İyulun 14-də Şuşada Mehmandarovların malikanə kompleksində Vaqif Poeziya Günləri çərçivəsində Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Əbədi ömrün 100 ili” kitabının təqdimatı və “Molla Pənah Vaqifin ədəbi yaradıcılığı türk irsi müstəvisində” mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Yazıçılar Birliyi tərəfindən nəşr olunmuş və Ümummilli lider Heydər Əliyevin yubileyinə həsr edilmiş “Əbədi ömrün 100 ili” kitabında görkəmli şairlərin, yazıçıların və alimlərin oçerklər və esse formasında Ulu öndər haqqında toplanmış xatirələri yer alıb.

Kitabın redaktoru Yazıçılar Birliyinin katibi Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli nəşr haqqında məlumat verib. Bildirilib ki, kitabda tarixi hadisəyə – 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin muzey-məqbərəsinin və Poeziya evinin bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyevin iştirakı ilə təntənəli açılışına xüsusi yer ayrılıb. Məhz bu səfər əsnasında Ümummilli lider Vaqif Poeziya Günlərinin keçirilməsi barədə tapşırıq verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində unikallığı ilə fərqlənən Vaqif Poeziya Günləri həmin tarixdən 1991-ci ilədək hər il şairin Vətənində – Qazaxda başlayır və Şuşadakı möhtəşəm Cıdır düzündə başa çatırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Vətən müharibəsində tarixi Qələbəsi nəticəsində Şuşa şəhərinin erməni işğalından azad edilməsindən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən Azərbaycanın mədəniyyət paytaxtında keçirilir.

Qeyd olunub ki, işğal dövründə digər tarixi abidələrimiz kimi, Molla Pənah Vaqifin muzey-məqbərəsi də erməni vandalizminə məruz qalıb və torpaqlarımız azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilərək 2021-ci ilin avqustunda ikinci dəfə açılışı keçirilib.

“Molla Pənah Vaqifin ədəbi yaradıcılığı türk irsi müstəvisində” mövzusunda elmi konfransda yazıçı və şairlər Çingiz Abdullayev, Rəşad Məcid, Baba Vəziroğlu, Səlim Babullaoğlu və başqaları çıxış ediblər.

Bildirilib ki, Vaqifin yaradıcılığı ülvi məhəbbətin tərənnümü, ruhun gözəlliyi və doğma təbiətin əsrarəngizliyi ilə bağlı parlaq rənglərlə zəngindir və milli poeziyanın, musiqinin inkişafına böyük təsir göstərib. Onun yaradıcılığının ən bariz xüsusiyyətləri nikbinlik, rəng çalarlarının çoxluğu, obrazların zənginliyi, incə bədii ustalıq, canlı və ifadəli dildir. Şairin bədii irsində qoşma janrı xüsusi yer tutur. Onun şeirlərinin dili xalq yaradıcılığına daha yaxındır. Vaqif Azərbaycan yazılı ədəbiyyatının milli-etnik şifrlərinin əsasının qoyulmasında və Azərbaycan xalqının poeziyada obrazının yaradılmasında müstəsna rol oynayıb. Vaqif lirikasının xüsusi fərqli cəhəti doğma Qarabağ torpağının ilkin gözəlliyini və özünün ona olan sonsuz sevgisini parlaq poetik rənglər vasitəsilə göstərməkdir. Şair bu sevgiyə böyük fəlsəfi mahiyyət qatır və onu insan hisslərinin ən ali təcəssümü ilə tərənnüm edirdi.

 

“Dövri-səda” konserti

 

Vaqif Poeziya Günləri çərçivəsində Natəvanın evi qarşısında “Dövri-səda” adlı konsert proqramı təqdim olunub. Konsertdə Əməkdar artist Vüqar Camalzadənin ədvar (dövrlər) sistemi üzrə bəstələdiyi 8 musiqinin Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında təqdimatı olub.

Ədvar Şərq musiqisində “sistemçilik” adı ilə məşhur məktəbin banisi olan Səfiəddin Urməvi yaradıcılığının Şərq musiqi nəzəriyyəsi sahəsində ən böyük nailiyyətidir. Ədvar sistemi ilə Azərbaycan, eləcə də bütün Şərq musiqisinin əsasını təşkil edən səs kompleksləri sistemi nizama salınır.

Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr Rövşən Məmmədov, Hüseyn Məlikov, Aysel İbrahimova və digərləri Molla Pənah Vaqifin qəzəlləri ilə yanaşı, Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mir Həmzə Nigari və Mir Möhsün Nəvvabın bədii irsindən nümunələr səsləndiriblər. Qiraətçilər isə qəzəllər söyləyiblər.

İncəsənət ustalarının bir-birindən maraqlı ifaları izləyicilərin zövqünü oxşayıb, alqışlarla qarşılanıb.

***

Mədəniyyət paytaxtımızdakı poeziya bayramının tədbirləri gecə saatlarında da davam edib. Şuşanın müxtəlif məkanlarında şeirlər səsləndirilib, musiqilər ifa olunub. “Elektron muğam saatı”nda tarzən və bəstəkar İbrahim Babayev milli və elektron musiqinin sintezindən ibarət ifalarını təqdim edib.

Bundan başqa, açıq səhnədə gənc qiraətçilər və şairlər musiqinin müşayiəti ilə improvizasiya şəklində öz şeirlərini səsləndiriblər.

 

“Vətənim Qarabağ” – poeziya axşamı

 

Vaqif Poeziya Günləri gedişində “Vətənim Qarabağ” adlı poeziya saatı da təşkil olunub. AYB-nin katibi İlqar Fəhmi çıxış edərək ənənəvi poeziya günlərinin mədəniyyətimiz və ədəbiyyatımız üçün əhəmiyyətini vurğulayıb.

Şair-tərcüməçi Səlim Babullaoğlu deyib ki, hər dəfə gözəl, mübarək Şuşa torpağında olmaq hər kəsə böyük məmnuniyyət gətirir: “44 günlük savaş günlərində bizim yaxın-uzaq ölkələrdə yaşayan həmkarlarımız, dostlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük işlər görüblər. Bunlardan biri də qardaş Türkiyənin dəyərli ziyalılarından tanınmış yazıçı, tərcüməçi Ömər Küçük Mehmetoğludur. Ömərin tərcüməsində bizim görkəmli ədiblərin əsərləri Türkiyə türkcəsində nəşr olunub. Türkiyənin məşhur “Heca” dərgisinin 7-8 il bundan əvvəl Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi nömrəsi işıq üzü görüb. Bu günlərdə jurnalın Azərbaycan poeziyasına həsr olunmuş xüsusi nömrəsi çapdan çıxıb. Bütün bu xidmətlərinə görə o, Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatına layiq görülüb”.

Sonra mükafat türkiyəli yazıçıya təqdim olunub.

Ömər Mehmetoğlu göstərilən etimada görə Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edib.

Xalq şairi Vahid Əziz bildirib ki, biz 30 il sınağa çəkildik, bu illər, bir an da olsun, müqəddəs yurd yerlərimizi, Qarabağımızı unutmadıq, daim bu günü düşündük və arzuladıq: “Şükürlər olsun ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz bu həsrətə, nisgilə son qoydu. Bu gün Azərbaycanın müqəddəs şəhərində belə bir möhtəşəm tədbirin keçirilməsi bir daha dövlətimizin gücünü, qüvvəsini, Ordumuzun yenilməzliyini göstərir. Bu müqəddəs məkanda belə bir söz bayramına toplaşmağımıza görə Vaqif Poeziya Günlərinin iştirakçıları adından ölkəmizin başçısına minnətdarlığımı bildirirəm”.

Yazıçı Seyran Səxavət, şairlər Barat Vüsal, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Əkbər Qoşalı, britaniyalı tərcüməçi İan Peart, türkiyəli şair Serhat Kabaklı, özbəkistanlı şair Xurşud Davron və digərləri çıxış edərək Vaqif Poeziya Günlərinin əhəmiyyətini yüksək qiymətləndirib, şeirlər səsləndiriblər.

 

“Vaqif dünyası”

 

Poeziya şöləninin sonuncu günü “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa nümayiş olub. İyulun 15-də təqdim edilən tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və Türk dünyasının digər tanınmış şairlərinin obrazları canlandırılıb.

Səhnə əsərinin nümayişindən öncə Yazıçılar Birliyinin katibi İ.Fəhmi çıxış edərək Vaqif Poeziya Günlərinin əhəmiyyətini vurğulayıb, keçirilən tədbirlərdən danışıb. Deyib ki, “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub: “Tamaşanın əsas məğzi ondan ibarətdir ki, doğrudan da, həmin dövrdə türk xalqlarının ədəbiyyatı paralel inkişaf edib və yaradıcı insanlar bir-birini çox rahat başa düşüb, bir-birinin ruhunu hiss ediblər. Təqdim olunan səhnə əsərində də bu mesajları aydın şəkildə görmək mümkündür”.

Sonra tamaşa təqdim olunub. Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb. Tamaşa maraqla qarşılanıb.

Bununla da söz-sənət beşiyimiz, “Türk dünyasının mədəniyyət paytaxtı”, azadlığına qovuşandan sonra sürətlə tikilən, qurulan Şuşa şəhərimiz möhtəşəm bir tədbirə ev sahibliyi etdi. Mədəniyyət paytaxtımızın daha böyük növrağı hələ qarşıdadır...