“İlk Prezident təqaüdçüləri” rubrikasının budəfəki qonağı Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, pedaqoq Rais Rəsulzadədir.
Rais müəllim Heydər Əliyevlə bağlı işıqlı xatirələrini sevə-sevə dilə gətirir. Deyir ki, 2002-ci ildə də ilk Prezident təqaüdçüləri siyahısında adını görəndə bu onun üçün xoş bir sürpriz olub: “Ulu öndər mədəniyyət və incəsənət sahəsində çalışan insanlara həmişə diqqət və qayğı ilə yanaşıb. Rəssamlıq sahəsinə də xüsusi diqqət göstərirdi. Xaricdə yaşayan rəssamlar bəzən dəfələrlə deyirlər ki, “Sizin ölkədə yaşasaydıq, nə xoşbəxt olardıq”. Ona görə ki, dövlətimiz incəsənətə böyük diqqət ayırır.
Fırça ustası Heydər Əliyevlə dörd dəfə görüşdüyünü bildirir: “İlk görüşümüzü dəqiqliklə xatırlayıram. 1991-ci ilin bir bazar günü idi. Bu hadisə atam Azər Rəsulzadənin Bakıya son gəlişində baş vermişdi. Atam mənə dedi ki, gəl Şəhidlər xiyabanına gedək, 20 Yanvar şəhidlərini ziyarət edək. Həmin vaxt səhər tezdən biz ikimizdən savayı Şəhidlər xiyabanında heç kim yox idi. Birdən atam qoluma toxundu ki, o Heydər Əliyevdir. Mən də baxdım ki, həqiqətən, odur. Onun da yanında jurnalistlər var idi. Özü də məzarlığın girəcəyində müsahibə verirdi. Onlardan aralandı, düz bizim yanımıza gəldi. Atamla salamlaşdı, dedi ki, siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz? Atam dedi bəli. Heydər Əliyev dedi ki, sizi bir dəfə televizorda görmüşəm. Sonra atamla hal-əhval tutdu. Atam da dedi ki, necə olacaq, “xalq düşməni” damğasını atıb gəlmişəm Bakıya. Heydər Əliyev də zarafatla “kommunist” damğasını atdığını bildirdi. Atamdan vəziyyətin necə olduğunu soruşdu. Atam dedi ki, bizim burada üç evimiz, bir bağımız var idi. O evləri aldılar. Birdən atam Heydər Əliyevdən soruşdu ki, mən sovet vaxtı Bakıya gəlsəydim, siz mənə ev verərdiniz? Heydər Əliyev belə cavab verdi: “Əlbəttə, sizə ev verərdim, niyə vermirdim. O vaxt “Qlavlit”ə (Ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə – red.) müdir, bilikli mütəxəssis lazım idi, adam tapa bilmirdik. Bir gün gəldilər ki, biz adam tapmışıq, amma o olmaz. Dedim niyə? Dedilər, çünki Məhəmməd Əminin qohumudur. Mən də dedim o nə deməkdir ki? Həmin adamı gətirin vəzifəyə... İndi mənim burada səlahiyyətim yoxdur, amma Naxçıvana (həmin dövrdə Ulu öndər muxtar respublika Ali Məclisinin sədri idi – red.) gəlin, orada imkan daxilində sizə şərait yarada bilərəm...”.
Həmsöhbətim deyir ki, Heydər Əliyev hər zaman bizimlə maraqlanıb, diqqət göstərib: “1993-cü ildə atam Qazaxıstanın Karaqanda şəhərində dünyasını dəyişdi. Azərbaycanda da siyasi vəziyyət yaxşı deyildi. Atamın ən böyük arzusu vətənində dəfn olunmaq idi. Biz cənazəni Bakıya gətirmək üçün müraciətlər etdik. Karaqandadan Bakıya gəlmək üçün iki təyyarə dəyişmək lazım idi. Vaxt uzanırdı, biz hava limanı ilə əlaqə saxlayırdıq, gözləməyimizi tövsiyə edirdilər. Vaxtilə atamın tələbəsi olmuş Murtuz Sadıqov da bizə kömək etməyə çalışırdı. O, bizimlə sürgün olunanların ailəsindən idi. Necə olursa, Heydər Əliyev məsələdən xəbər tutur və göstəriş verir ki, təcili bu iş nəzarətə alınsın və təyyarə göndərilsin. Biz atamın nəşini Ulu öndərin dəstəyi nəticəsində doğma şəhərinə gətirə bildik. Təyyarə ilə Prezident Aparatının əməkdaşları da gəlmişdilər. Hətta Heydər Əliyev göstəriş vermişdi ki, atamla vida mərasimi də olsun. Atamı Fəxri xiyabanda dəfn etmək təklif olunsa da, vəsiyyətinə uyğun olaraq, babasının yanında torpağa tapşırdıq”.
Məlum olduğu kimi, Prezident Heydər Əliyev tərəfindən 29 dekabr 1993-cü il tarixində M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında fərman imzalanıb, 1994-cü ildə geniş yubiley tədbiri keçirilib.
Rais müəllim deyir ki, Akademik Opera və Balet Teatrında babamın 110 illik yubileyi münasibətilə dövlət tədbiri keçirildi: “Heydər Əliyev tədbirdə ailə üzvlərimizlə eyni sırada əyləşdi. Elə orada bizdən hər hansı bir problemimizin olub-olmadığını soruşdu və tapşırıq verdi ki, nə problemimiz olsa, həll etsinlər. Biz ona bu diqqətinə görə təşəkkür etdik. Onunla növbəti görüşüm repressiya qurbanlarının ailə üzvləri ilə təşkil edilən tədbirdə oldu”.
Rais müəllim özünün də dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı gördüyünü dilə gətirir. Bildirir ki, Prezident Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülüb. Ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də ondan qayğısını əsirgəmədiyini söyləyir: “2014-cü ildə Prezident İlham Əliyevin göstərişi və qayğısı ilə Almaniyada cərrahi əməliyyat olunmuş, sağlamlığıma qovuşmuşam”.
Həmsöhbətim sürgün illərinin ağrı-acısını, uşaqlıq illərini unuda bilmədiyini deyir. O, rəssamlığa uşaq yaşlarından maraq göstərib. Atası Azər Rəsulzadənin də rəssamlıq qabiliyyəti olub.
Natürmort, mənzərə, kompozisiya, portret və digər janrlarda rəsmlər çəkən Rais Rəsulzadə Bakıya gələrək rəssamlıq üzrə təhsil almağı qərarlaşdırır. 1965-1969-cu illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində oxuyur. Məktəbin rəhbərliyi onun əsərlərini yüksək qiymətləndirir, onun bu sahədə ali təhsil almasını tövsiyə edir. O, hərbi xidmətdən sonra Bakıya qayıdır və 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Bədii qrafika fakültəsində çalışmağa başlayır. 50 ildir bu təhsil ocağında pedaqoji fəaliyyət göstərən Rais müəllim hazırda Azərbaycan mənzərələrini çəkməyə üstünlük verdiyini deyir.
Həyat yoldaşı Leyla xanım da söhbətimizi maraqla dinləyir. Həlim, özünəməxsus səs tonu olan qocaman rəssamın xatirələri canlanır...
Bu zaman onun emalatxanasında olmaq keçir qəlbimdən. Növbəti dəfə orada görüşüb sənət söhbəti etmək diləyi ilə sağollaşırıq. Rais müəllim “İlk Prezident təqaüdçüləri” rubrikasında onu da diqqətdən kənarda qoymadığımız üçün təşəkkürünü bildirir.
Lalə Azəri