Mingəçevir və Sumqayıt teatrları mövsümü başa vurub

 

Bu il 55 yaşını qeyd edən Mingəçevir Dövlət Dram Teatrı cari mövsümünü məhsuldar fəaliyyətlə başa vurub. Bu müddət ərzində teatrda tamaşa və kompozisiya, performans və teatrlaşdırılmış səhnə aktları olmaqla ümumilikdə 37 nümunə hazırlanaraq təqdim edilib.

Mövsüm ərzində teatrda “Çox adi əhvalat” (M.Lado),  “Otello” əsərinin motivləri əsasında “Yad” (V.Şekspir), “Şəngülüm, Şüngülüm, Məngülüm” (M.Müşfiq), “Sehrli xalat” (A.Osmanova), “Rəngsazların xatirəsi yoxdur” (Dario Fo), “Münəccim Səlimin nağılları” (Elgülsel), “Şaxta babanın sərgüzəştləri” (Elgülsel) tamaşaları nümayiş olunub.

Mövsüm ərzində teatrın plan və plandankənar tamaşalar sırası daha da genişlənib. Kollektiv Əli Əmirlinin “Varlı qadın”, “Yaddaş, təqvim və kukla”, həmçinin müxtəlif yaş qruplarında uşaqlar üçün “Keçəlin kələyi”, “Üç ayı balası” və “Cırtdan” tamaşalarını təqdim edib. Eyni zamanda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dahilik divanı” (ssenari Elçin Məhərrəmli, rejissor Vüsal Mehrəliyev) adlı tamaşa-kompozisiya da göstərilib.

Azərbaycan peşəkar milli teatrının 150, eləcə də Mingəçevir teatrının 55 illik yubileyləri münasibətilə “Bir teatr – bir festival” layihəsi çərçivəsində üç mərhələli Monotamaşalar festivalı da keçirilib. Ümumilikdə 26 tamaşanın daxil edildiyi festival tamaşaları rəğbətlə qarşılanıb.

Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş qastrol aksiyası üzrə Mingəçevir teatrı bir sıra bölgələrdə tamaşalar göstərib. İyunun 1-də Tərtər rayonunun məcburi köçkünlərin yenicə qayıtdığı Talış kənd orta məktəbində “Cırtdan” (rejissor İlqar Rəhimov) kukla tamaşasını nümayiş etdirib.

Yaradıcı heyət Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) “Qonaq teatr” layihəsi çərçivəsində bakılı teatrsevərlər qarşısında da çıxış edib. Əli Əmirlinin “Varlı qadın”ı bu dəfə Xalq artisti Valeh Kərimovun quruluşunda özünün yeni səhnə yozumunu taparaq tamaşaçı ilə görüşüb.

Ümumiyyətlə, Mingəçevir teatrı cari mövsümün bağlanış həftəsini “Tamahkar”, “Odunçunun nağılı”, “Yaddaş, təqvim və kukla”, “Varlı qadın” tamaşalarının premyerası və bədii qiraət festival-müsabiqəsi ilə yekunlaşdırıb.

***

Bu il Sumqayıt Dövlət Dram Teatrının da yaranmasının 55 illiyidir. Başa çatan mövsüm Sumqayıt kollektivi üçün də premyera və səfərlərlə yaddaqalan olub. Teatrda bu mövsüm ilk olaraq rejissor, Əməkdar artist Namis Şirməmmədov Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında tamaşaya quruluş verib. Həmçinin Fuad Kazımovun quruluşunda Ə.Haqverdiyevin “Kimdir müqəssir?” vodevilinə yeni baxış bucağı sərgilənib. Bu səhnə işi həm də teatrın Sumqayıt Musiqi Kolleci ilə birgə layihəsi kimi yadda qalıb.

Əməkdar mədəniyyət işçisi Vasif Məmmədov “Balaca və Karlsonun macəraları” tamaşasını hazırlayıb. Gənc rejissor Ümid Abbas Yusif Əzimzadənin “Nəsrəddin” əsərini teatrsevərlərin ixtiyarına verib.

Bundan əlavə, teatr Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Milli klassika” festivalında da uğurla iştirak edib. M.F.Axundzadənin “Hacı Qara” komediyası teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun quruluşunda paytaxt tamaşaçılarının  diqqətini çəkib. Tamaşa “Aktual mövzu həlli” nominasiyasında diploma layiq görülüb.

Mövsüm ərzində yaradıcı heyət ölkədaxili qastrol səfərlərində olub. Kollektiv iyulun 3-də “Qonaq teatr” layihəsi çərçivəsində “Aktyor evi”ndə Türkiyə yazıçısı Turqut Özakmanın eyniadlı əsəri əsasında hazırlanan “Ocaq” tamaşasını nümayiş etdirib.

Kollektiv iyulun 13-də Mədəniyyət Nazirliyinin qastrol aksiyası çərçivəsində Lənkərana səfər edərək Lənkəran Dövlət Dram Teatrının səhnəsində Əziz Nesinin “Öldür məni, canciyər” komediyasını oynayıblar.

Yaradıcı heyət mövsümə iyulun 16-da Hafiz Ataxanlının “Xəzinə” tamaşası ilə yekun vurub.