Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1994-cü il 21 noyabr
Prezident Heydər Əliyev görkəmli jurnalist, teatrşünas Qulam Məmmədlinin dəfn mərasimində iştirak edib.
1994-cü il 26 noyabr
Heydər Əliyev Bakı Dövlət Universitetinin 75 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə nitq söyləyib.
“...Bakı Dövlət Universitetinin 75 illik tarixi Azərbaycan Respublikasının elminin, mədəniyyətinin, təhsilinin inkişaf tarixidir. Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi, təbliğ olunması üçün böyük işlər görmüşdür... Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə çatdırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.
Universitetin auditoriyalarında, kafedralarında Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi üçün də çox işlər görülmüşdür. Çünki öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan alim, öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmləşdirən, xalqına yüksək səviyyədə çatdıran alim – onlar hamısı birlikdə öz xalqının, millətinin, milli şüurunun, milli ruhunun, vətənpərvərlik ruhunun inkişaf etməsinə, irəliyə getməsinə xidmət göstərir.
Keçmişdə tariximizi yazarkən bəzən ya o tərəfə, ya da bu tərəfə əyilirdik. İndi isə müstəqil Azərbaycan Respublikasında öz məmləkətimizin, öz taleyimizin sahibi olduğumuz halda, müstəqil siyasət apardığımız halda gərək tariximiz doğru, düzgün, ədalətli, obyektiv yazılsın... İki-üç il bundan qabaq mən eşitdim: bəzi yeni siyasətçilər deyəndə ki, Nəriman Nərimanovdan başlayan və indiyə qədər, bizə qədər olan dövr tarix deyildir, mən dəhşətə gəldim. Belə ədalətsizliyə yol vermək olmaz. Əgər Bakı Dövlət Universiteti 1919-cu ildə ilk, demokratik respublika vaxtında yaranmışsa, sonrakı inkişafı Nəriman Nərimanov və onun kimi böyük şəxsiyyətlərin fəaliyyəti nəticəsində indiki səviyyəyə gəlib çatmışdır... Bunu nə pozmaq olar, nə də unutmaq olar...”.
1994-cü il 11 dekabr
Heydər Əliyev “Uşaqlar dünyanın sevincidir!” beynəlxalq xeyriyyə telemarafonu münasibətilə televiziya studiyasında uşaqlarla görüşdə çıxış edib.
1994-cü il 17 dekabr
Prezident Heydər Əliyev Xalq rəssamı Səttar Bəhlulzadənin 85 illiyinə həsr olunmuş sərginin açılışında və Respublika Sarayında təntənəli yubiley gecəsində çıxış edib.
Yubiley gecəsindəki nitqindən:
“... Səttar Bəhlulzadənin yaradıcılığına bələd olan adamlar onu tədqiq edənlər və tanıyanlar bilirlər ki, o həm böyük sənətkar idi, həm də çox məhsuldar işləyirdi. Bir sıra başqalarından fərqli olaraq daim işləyirdi, çoxlu əsər yaradırdı və bu əsərləri də dostlarına və tanışlarına, ayrı-ayrı təşkilatlara təmənnasız bağışlayırdı. Ona görə də əgər Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi yaratmaq fikrinə gəlsək və onun əsərlərinin hamısını toplamalı olsaq, bunun üçün bir salon yox, bir neçə salon da çatmaz. Ancaq bugünkü sərgidə toplanan əsərlər də Səttar Bəhlulzadənin yaradıcılığının nə qədər böyük və təsirli olduğunu əks etdirir.
Səttar Bəhlulzadə Azərbaycan rəssamlıq sənətində yeni bir məktəb yaratmışdır. Sənətkarı tanıyan adamlar bu əsərləri görən kimi deyirlər ki, onun müəllifi Səttar Bəhlulzadədir.
Səttar Bəhlulzadə Azərbaycan deməkdir. Onun əsərləri Azərbaycanı təsvir edir, Azərbaycanı göstərir, əks etdirir. Bu, rəssamın öz torpağına, öz vətəninə və xalqına nə qədər bağlı olduğunu göstərir. O, elə bir böyük sənətkardır ki, istənilən mövzuda və süjetdə əsər yarada bilərdi. Ancaq onun əsərlərinin demək olar ki, əksəriyyəti Azərbaycanı və ölkəmizin əsasən bütün bölgələrini təsvir edir.
Səttar Bəhlulzadə yaradıcılığa klassik üslubdan başlayıb – biz sərgidə bunun nümunəsini gördük, – sonra isə özünəməxsus, öz aləminə, öz dünyasına, öz fəlsəfəsinə məxsus bir rəssamlıq yolu seçib və həmin yola daim sadiq olubdur. O vaxtlar – 50-ci və 60-cı illərdə, yəni Səttar Bəhlulzadənin ilk əsərləri yaranan zaman bəziləri onu anlamırdılar, bəziləri qəbul etmirdilər. Bəziləri isə bu əsərlərin nə qədər qiymətli olduğunu bilmirdilər. Ona görə də bəzən klassik üslubda çəkilən əsərlərə üstünlük verilirdi, Səttar Bəhlulzadənin əsərləri isə kənarda qalırdı. Ancaq zaman keçdi və Səttar Bəhlulzadə çox inadla öz yaratdığı üslubu, öz məktəbini davam etdirdi və təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində görkəmli bir rəssam – xüsusi üsluba, xüsusi istedada malik olan rəssam kimi tanındı. Eyni zamanda o, Azərbaycanın mədəniyyətini, incəsənətini bütün dünyaya tanıtdı.
Biz bu yubileyi keçirərkən vəzifələrimizi də bilməliyik. Səttar Bəhlulzadənin əsərlərinin hamısını toplamalıyıq, onların kataloqunu hazırlamalıyıq. Görkəmli sənətkarın adına bir rəssamlıq mərkəzi açmalıyıq, Səttar Bəhlulzadə muzeyi yaratmalıyıq. Doğrudur, onun yaşadığı yerdə ev muzeyi var. Biz onu qoruyub saxlamalıyıq. Ancaq mən muzey deyəndə, Səttar Bəhlulzadənin əsərlərindən ibarət daimi muzeyin yaranmasını nəzərdə tuturam. Çünki rəssamın yaradıcılığı, əsərləri, irsi xalqımızın bu günü və gələcəyi üçün mənəviyyat mənbəyidir.
İndi həyatımız nə qədər çətin, ağır olsa da, biz heç vaxt mədəniyyəti unutmamalıyıq. Çünki bu çətin günlər müvəqqətidir. Ancaq həyat daimidir. Mədəniyyət də, rəssamlıq da daimidir...”.
Hazırladı: Vüqar Orxan