Xəbər verdiyimiz kimi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Heydər Əliyev İli” münasibətilə respublika miqyaslı qastrol səfəriləri həyata keçirir. Səfər Mədəniyyət Nazirliyinin dəstəyi, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə reallaşır.

Oğuz rayonundan başlayan qastrolun növbəti ünvanları Masallı, Sabirabad, Biləsuvar rayonları və Şirvan şəhəri olub.

Qocaman sənət ocağının yaradıcı kollektivi tərəfindən müvafiq olaraq adıçəkilən rayonların və Şirvan şəhərinin mədəniyyət mərkəzlərində “Nurlu ömrün anları” mənzum tamaşası nümayiş etdirilib. Səhnə əsəri izləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu mənzum dram İrəvan teatrında 2013-cü ildə səhnəyə qoyulub. Müstəqil Azərbaycanın memarı, Ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan əsərə müəllif özü quruluş verib.