Samux rayon Mədəniyyət Mərkəzində Xalq artisti Telman Adıgözəlovun (1953-2010) 70 illik yubileyi ilə bağlı dəyirmi masa təşkil olunub.
Əvvəlcə aktyorun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, 1980-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında fəaliyyətə başlayan aktyor maraqlı obrazlar yaradıb. Bunlardan C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda Zəncirvuran, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında Daşdəmir, “Mahnı dağlarda qaldı” tamaşasında Rəhman, V.Şekspirin “Maqbet”ində Flins, M.İbrahimovun “Közərən ocaqlar”ında Xanəhməd, H.Cavidin “İblis”ində şeypurçu, S.Vurğunun “Vaqif”ində təlxək, S.Rəhmanın “Nişanlı qız”ında Çeşməkli kişi və digər səhnə əsərlərində özünəməxsus ifası ilə yadda qalıb.
İstedadlı aktyor “Yaşıl eynəkli adam”, “Qırmızı qatar”, “Yarımştat”, “Ordan-burdan”, “Qonşular”, “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili”, “Yol əhvalatı”“ və s. televiziya tamaşaları və filmlərdə də rol alıb.
N.Məmmədli