Mətbuatımız tarix boyu həm də mədəni irsimizin, milli-mənəvi dəyərlərin təbliğatçısı missiyasını yerinə yetirib

 

İyulun 22-də Azərbaycan milli mətbuatının 148 yaşı tamam olur. 1875-ci ildə görkəmli maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin (1842-1907) yaratdığı “Əkinçi” qəzeti ilə başlanan mətbu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər qəzet və jurnallarla davam etdirilib.

XX əsrin əvvəllərində xalqımızın milli oyanışında, istiqlal arzularının gerçəkləşməsində mətbuatımız həmişə öndə olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub, müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, istiqlal ideyalarının yayılmasında üzərinə düşən missiyanı layiqincə yerinə yetirib.

Azərbaycan mətbuatı tarixin sonrakı mərhələlərində, eləcə də sovet dövründə məlum ideoloji çərçivələrə rəğmən maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına davamlı olaraq öz töhfələrini verib.

Mətbuatımızın müstəqillik dövrü fəaliyyəti xüsusilə zəngindir. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayıb.

Müstəqillik dövründə Azərbaycan mətbuatının inkişafında Ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısının xüsusi rolu olub. Heydər Əliyev yeni şəraitdə mətbuatın funksiyalarından bəhs edərkən deyirdi: “Demokratik mətbuat nə deməkdir? Çox ümumiləşdirilmiş şəkildə desək, bu, rəsmi və sırf fərdi nöqteyi-nəzərlərin ifadəsi üçün hüquqların bərabərliyinə nail olmaqdır, hakimiyyətin müxtəlif qollarının, o cümlədən də “dördüncü” qolunun, yəni mətbuatın özünün fəaliyyəti haqqında operativ xəbərlər axınıdır. Nəhayət, mətbuat dövlətlə cəmiyyəti birləşdirən canlı əlaqə vasitəsidir, fasiləsiz ikitərəfli əlaqə kanalıdır. Yalnız bu şərtlər təminat yaradır ki, hökumət xalqın iradəsinə uyğun olaraq hərəkət edəcəkdir...”.

Ötən dövrdə dövlətin diqqət və qayğısı sayəsində mətbu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, jurnalistlərin güzəranının yaxşılaşdırılması istiqamətində də işlər görülüb. Bu gün ölkə rəhbərliyi müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ideallarına bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafını prioritet vəzifələrdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin milli mətbuatımızın əlamətdar yubileylərinin qeyd olunması haqqında sərəncamlar imzalaması, jurnalistlərin fəxri adlara layiq görülməsi bu diqqətin nümunəsidir.

Azərbaycan mediası müasir tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanı, eləcə də ondan sonrakı mərhələdə üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib, Azərbaycanın haqq mübarizəsinin beynəlxalq aləmə çatdırılmasında peşəkarlıq və operativlik nümayiş etdirib. Artıq üç ildir Vətən müharibəsində qazandığımız şanlı Zəfər, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda yerlə yeksan edilən yaşayış məntəqələrimizin, tarix-mədəniyyət abidələrimizin dövlət tərəfindən yenidən qurulması və bərpası mediamızın əsas mövzusuna çevrilib.

Mətbuatımızın yaradılmasının 148-ci ildönümü müasir müstəqil Azərbaycanın qurucusu, mədəniyyətimizin, eləcə də mediamızın böyük himayədarı olmuş Ümummilli liderin 100 illik yubileyi, “Heydər Əliyev İli” ilə əlamətdardır. Kütləvi informasiya vasitələrində Ulu öndərin adı ilə şərəflənən bu ildə böyük şəxsiyyətin siyasi və dövlətçilik fəaliyyəti haqqında silsilə materiallar yayımlanır, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri minnətdarlıqla yada salınır.

Bu il mədəniyyət paytaxtımız, söz-sənət beşiyi Şuşa şəhəri üçün də yaddaqalandır. Geniş bərpa-quruculuq işləri aparılan qala-şəhərimiz işğaldan qurtuluşunun üçüncü ilində “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir, müxtəlif ölkələrdən qonaqların iştirakı ilə rəngarəng tədbirlərə ev sahibliyi edir. Azərbaycan mətbuatı əzəli yurd yerlərimizin həqiqi sahiblərinin doğma ocağa qayıdışını böyük qürur hissi ilə tarixin yaddaşına yazır...

Mətbuat cəmiyyət həyatının, o cümlədən mədəni inkişafın əksidir. Bu baxımdan Azərbaycan mətbuatı ötən tarix boyu həm də mədəni irsin, milli-mənəvi dəyərlərin təbliğatçısı olub.

Hələ 148 il əvvəl “Əkinçi”ni yaradanda Zərdabi maarifçi və mütəfəkkir alim kimi xalqın mənəvi köklərinə də diqqət ayırır, mədəni irs və dəyərlərimizi təbliğ edirdi. O, folklor nümunələrimizi toplayır və “Əkinçi” qəzetində dövrün ziyalılarına bu yöndə çağırışlar edirdi. Bu bir mətbuat xadiminin, ziyalının xalqın milli ruhuna yaradıcı münasibətinin göstəricisi idi. Zərdabidən qalan bu mədəni-maarifçilik irsi bu gün mətbuatda yaşadılır. Müstəqilliyimizin yaşıdı olan “Mədəniyyət” qəzeti də 32 ildir Zərdabinin idealları işığında fəaliyyətini davam etdirir.

Milli mətbuatımızın bayramı münasibətilə dünyasını dəyişmiş bütün həmkarlarımızın xatirəsini rəhmətlə, sayğı ilə anır, bu sahədə qələm çalan media mənsublarını səmimi-qəlbdən təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.