“Salam, bağışlayın, mənim Amil müəllimlə görüşüm var...”.
Bayaqdan əlində çəkic o yan-bu yana gedib, hərəyə bir göstəriş verən almayanaq gənc üzümə belə baxmadan tələsik cavab verib sovuşmaq istəyirdi ki, “Soyadını unutmuşam. Burada neçə Amil var ki?” deyib tələbkar ədası ilə gülümsündüm.
Bu sualımdan onsuz da səbirsiz adam təsiri bağışlayan gənc lap əsəbiləşdi. Tez “Kəndirbaz Amili deyirəm də. Sim pəhləvanı Amil” deyib dərindən nəfəs aldım.
Bu dəfə dodaqları gülmək üçün səyriyən gənc başını yuxarı qaldırıb “Düş də aşağı. Görmürsən, qonağın var” deyəndə mən də qeyri-ixtiyari başımı qaldırdım. Çox vaxt ip üstündə gördüyüm köhnə dostumla salamlaşdım. İpdə az qala yerdən də rahat gəzən Amil əlindəki iri dirəyi (balans) yerə dayaq edib endi.
“Yaxşı qurtardın” deyib nəzərləri ilə yerə dirək basdıran əli çəkiclini göstərərək “Hirsini toxmaqdan çıxır” deyib gülümsündü. Heç nə olmamış kimi “Əslində, gəlməyini gördüm, bayaqdan sizə baxırdım. İpin o başındaydım. Özüm qalxdım ki, qonağı, necə deyirsiz, məxsusi oradan salamlayım” deyib qımışdı.
“İşim budu, ip üstündə gəzmək. Sizin də sözlə oyun. Görək yarışımız necə alınır” deyə əlavə edərək şehi çoxdan çəkilən çəmənlikdə oturdu.
Hə, təqdimat üçün deyim ki, Amil Hafiz oğlu Məmmədhüseynov Qubanın Tüləkəran kəndindəndir. 1988-ci ildə doğulub. Atası da kəndirbaz olduğundan əvvəldən bu qədim xalq sənətinə maraq göstərib. Orta məktəbdən sonra Bakı Sənaye Pedaqoji Texnikumunun bədən tərbiyəsi və fiziki hazırlıq şöbəsində təhsil alıb. Hazırda Quba rayon Mədəniyyət evində klub müdiri kimi çalışsa da, əsas işi sözsüz ki, kəndirbazlıqdır.
Dünyanın bir sıra ölkələrində də maraqlı proqramlarla çıxışlar edib.
Söhbətə əsl canbazsayağı – qısa sualla başladım.
– Dostum Amil niyə kəndirbaz oldu?
– Vallah, gözümü açandan atamı bu sənətdə, necə deyərlər, ip üstündə gördüm. Yəqin genetik kodlar da öz sözünü dedi və mən istər-istəməz bu istiqaməti seçdim. Kəndirbazlıq siz təsəvvür etdiyinizdən də maraqlı sənətdir. Onun ayrı bir zövqü var. Hər an maraqlı, diqqət mərkəzində olursan.
– Tamaşaçıların sizi kəndirbaz kimi tanıması ilə adi qubalı Amil arasındakı fərq nədir?
– Elə bayaqkı söhbətin fərqi kimi. Məsələn, Amil ilə kəndirbaz Amilin fərqi (gülür). Zarafat bir yana, insanların məni sənətim ilə tanıması və sevməsi məni, bilirsiniz, necə sevindirir? Allah eləməsin, mən ata-baba sənətimi layiqincə davam etdirməyib, uğursuzluğa da düçar ola bilərdim. Amma şükür ki, sənətim, o çox sevdiyim işim məni tanıdıb, mən də bacardıqca onu yaşadıb, daha da tanıtmaqda iddialıyam. Digər tərəfdən mən sırf kəndirbazlıqla da məşğul deyiləm. İkinci işim də var. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət evində klub müdiri vəzifəsində çalışıram.
– Özünüzü peşədə təsdiq etmisinizmi?
– Bu sahənin da ustadları, qocaman davamçıları var. Amma özümü onlardan heç də geri hesab etmirəm. Çünki yalnız bir neçə ənənəvi nömrə, yəni nümayiş üsulu ilə məhdudlaşmıram, daim öz üzərimdə çalışıb, texniki baxımdan daha qəliz, bir az da riskli nümayişlərə can atıram. Belə görünməyimə baxmayın, kifayət qədər riski sevən, bir az da dediyini edən adamam. Məqsədimin arxasınca gedirəm.
– Yəqin ipin əl-ayağınıza “dolandığı”, peşədən soyuduğunuz vaxtlar da olub...
– Yox, inanın, heç vaxt olmayıb. Bilmirəm niyə, amma mənə həmişə elə gəlir ki, bu işdən qopsam, kəndirbazlıqdan imtina etsəm, özümə və bu qədim peşəyə, sənətə, mən lap belə deyərdim, həyat tərzinə xəyanət eləmiş olaram.
– Bəstəboy adam olsanız da tez-tez hamımızdan “böyük” olursunuz. Yuxarıdan, ipin üstündən necə görünürük?
– Maraqlı (gülür). Əsas odur ki, insanlara yuxarıdan aşağı baxmıram, sağ olsunlar, onlar da mənə. Amma ən xoşuma gələn bilirsiniz nədir? İp üstündə olmazdan əvvəl və sonrakı münasibət. Bu, məni hədsiz xoşhal edir. Məsələn, milli, daha doğrusu, canbazlara xas geyimimizdə yerdə, ip ətrafında gəzib-dolaşarkən o qədər də fərqində olmurlar. O ki ipə qalxıb, onları heyrətləndirib, düşürsən, olursan başqa adam. Heyrətdən daha da böyüyən gözlər, həyəcan, sevinc və narahatlıq oxunan üzlər, durmadan səni alqışlayan əllər... və sonda “Afərin” nidaları möhtəşəm hissdir. Mən tamaşaçılarımı çox sevirəm.
– Kəndirbazlıq, həm də gəlirli sahədir. Yerli və xarici tədbirlərə dəvətlər baxımından dedim. İpin üstündə var-gəl maddi baxımdan sizi qane edir?
– Edir. Sözsüz ki, məşğul olduğun sənət səni həm də maddi baxımdan yaşatmalıdır. Tədbirlərə tez-tez dəvət alıram, düzdür. Amma arada elə qonorarlar təklif edirlər ki, adamın lap gülməyi gəlir. Belə olduqda proqramın müddət və nömrə sayı, məsafə fərqi qoymadan imtina edirəm. Çünki sənətə qiymət üçün ilk olaraq o işin çətinliyini anlamaq lazımdır. Pul üçün bu çox sevdiyim sənəti ucuzlaşdırmağa da ixtiyarım yoxdur.
– Bu peşəni, bildiyim qədərilə, oğlunuza da öyrədirsiniz. Ondan başqa da şəyirdiniz varmı? Ümumən öyrətməyə maraqlısız, yoxsa hələ də öyrənməyə?
– Öyrəndiyimi öyrənmişəm, indi isə daha çox öyrətmək, bu sənətin gələcək nəsillərə ötürülməsini, yaşamasını istəyirəm. Təəssüf ki, marağı olan uşaqlar azdır. Bacardıqca bildiklərimi oğlum Yusifəliyə öyrədirəm. Amma istəmirəm tək o bilsin, qoy, başqa balalarımız da maraqlansınlar. Onu da deyim ki, bu sənətlə lap kiçik yaşlardan məşğul olmaq lazımdır. Çox istərdim ki, çalışdığım Mədəniyyət evində bizim truppamız yaradılsın, biz bu xətlə qastrollara gedib, bu sahəni layiqincə təmsil edək.
– Məsələnin təhlükəsi ilə yanaşı, texnikası da var. Ən çətin nömrəniz hansıdır?
– İşin texnikasını bildikdən sonra heç biri elə də çətin deyil. Amma ayaqları ipə bağlayıb, tarazlığı saxlayaraq yerimək və bu üsulla butulkaları havada oynatmaq, həmçinin onları başıma qoyub qalxmaq ən çətinidir. Amma ip üzərində nərdivan, velosiped, sinni ilə gəzmək də sevdiyim nömrələrimdir. Texniki məqamı ilə yanaşı, onun mürəkkəbliyi, təhlükəsi də böyükdür. Amma mayasında səbir, eyni zamanda çeviklik və ən sadə element minimalistlikdir. Bildiyiniz kimi, kəndirbazların təhlükəsizlik kəməri, yaxud düşmə ehtimalına görə döşəkcəsi olmur. Bizim yeganə silahımız balans dediyimiz alətdir ki, o da bizim tarazlığımızı saxlamağımıza yardımçı olur. Burada əsas məsələ həm də ipin tarımıdır. Bilirsiniz ki, ip hər iki tərəfdən haça dediyimiz ağaca, yaxud metal konstruksiyaya bərkidilir. Səhnədə, sim quraşdırmaq üçün ümumən 4 nəfər işləyirik. Əvvəl bu lap çətin idi. İndi 2 nəfərlə də qurmaq mümkündür. Çünki texniki təkmilləşmələr olub. Biz kəndirbazları iki nəfər musiqiçi də – qarazurna və nağarada müşayiət edir.
– Sizdən neçə nəfərdir və bu qədim el sənətinə maraq yaratmaq üçün nələr etmək olar?
– Hazırda ölkəmizdə cəmi 6 kəndirbaz var. Amildən isə bir dənədir (gülür). Sadəcə, təəssüf edirəm ki, bu sənət getdikcə sıradan çıxır, nəsil yenilənməsi zəifləyir, həvəskarların sayı azalır. Qalanlar da tədbirlərdə, xalq qarşısında çıxışlara maraq göstərmirlər. Hazırda bu istiqamətdə ən gənci mənəm. Düzü, bu da mənim həvəsimi qırır. Çünki rəqabət, yarış əzmi yoxdur.
– Elm, texnika inkişaf etdikcə əyləncə vasitələri də müasirləşir. Əlində smartfonlar, fərqli oyuncaqlar olan uşaqlar üçün kəndirbazın ip üzərində manevrləri nə qədər maraqlıdır, sizcə?
– Əvvəllər mən də sizin kimi düşünürdüm. Çünki bizə daha çox orta və yaşlı nəsil baxırdı. Amma son zamanlar balaca tamaşaçılarımızın sayı artıb. Deməli, siz deyən o texniki vasitələr artıq zehinləri yorub. Ən xoşuma gələn tamaşaçılarımız arasındakı o uşaqların maraqla ip üzərinə çıxmaq istəyidir. Bizim bəzi nömrələrimiz var ki, ora tamaşaçıları da cəlb edirik. Məsələn, çiynimdə uşaqlarla ip üzərində gəzirəm. Hansısa uşağı çağıranda, valideyn onu kənara çəkib, bir növ etiraz eləsə də, uşaq israrla çağırışıma səs verib, gəlir.
– Azərbaycandan daha çox təkliflər alırsınız, yoxsa?
– Pandemiyadan öncə xarici ölkələrdə tez-tez olurdum. Bəzən, təkliflər arasından seçimlər də edirdim. Amma indi azalıb. Düzü, hər təklifə də getmirəm. Çünki, dediyim kimi, maddi baxımdan da təklif cəlbedici olmalıdır axı. Ölkəmizdəki tədbirlərə maraqla qatılıram. Əvvəllər bu daha çox Novruz bayramlarında olurdusa, indi fərqli kütləvi mərasimlərin də proqramlarına daxil edilir.
– Kəndir sizi idarə edir, yoxsa siz onu?
– Daha çox onu özümə uyğunlaşdırıram. Bir növ, bir-birimizi başa düşüb, yola veririk. Baxın, kəndirbaz ip üzərində gəzmək və atılıb-düşməklə cürbəcür oyunlar göstərən adam, necə deyərlər, canbazdır. Elədirsə, demək o, ipi də ram edər, ipdəkiləri də. Ümumən bu iş ilə elə mənim kimi bəstəboy, çəkisi yüngül adamlar məşğul ola gərək. Yəni bir kəndirbaz ən əsas çəkisinə nəzarət eləməlidir. Onu da deyim ki, bu sənətdə uzun illər qalmaq olmur. Zaman keçib, yaş ötdükcə, sözsüz ki, hamımızın səhhətində müəyyən problemlər yaranır. Belə olduqda ip üzərində hərəkətlər də məhdudlaşır, insanın özü üçün problem yaradır. Odur ki, özümə söz vermişəm, qocalanadək ipdən düşməyəcəm.
Söhbətləşdi: Həmidə Nizamiqızı