Naxçıvan Dövlət Filarmoniyasına “muxtar respublika” statusu verilib. Bu münasibətlə iyulun 24-də təqdimat mərasimi keçirilib.
Naxçıvan MR Nazirlər Kabineti Aparatının rəhbəri Aləm Bağırov Naxçıvan Dövlət Filarmoniyasının yaranma tarixi haqqında məlumat verib. Qeyd olunub ki, 1983-cü ildə fəaliyyətə başlayan Naxçıvan filarmoniyası professional musiqi kollektivi kimi formalaşıb. Filarmoniyanın peşəkar musiqi sənətinin yaşadılmasında xidmətləri və uğurlu fəaliyyəti nəzərə alınaraq ona “muxtar respublika” statusunun verilməsi qərara alınıb.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin muxtar respublikada səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təşəbbüsü ilə yeni statuslu müəssisədə əməkdaşların əməkhaqqılarına da yenidən baxılacaq.
Qeyd olunub ki, Naxçıvan Dövlət Filarmoniyası bundan sonrakı fəaliyyəti ilə əhaliyə yüksək səviyyədə mədəni xidmət göstərməli, müasir səhnə sənətinin inkişafını təmin edən yaradıcılıq axtarışları aparmalı, milli mədəniyyətin və incəsənətin inkişafında xüsusi rola malik olmalıdır.
NMR mədəniyyət nazirinin müavini Həsən Kərimov və filarmoniyanın əməkdaşları atılan bu addımı yüksək qiymətləndirib, minnətdarlıqlarını bildiriblər.