Festivala ölkəmizlə yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən musiqiçilər qatılacaq
Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını musiqiçilərin və sənətsevərlərin üzünə açmağa hazırlaşır. 27 iyul – 2 avqust tarixlərində XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Bu il festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə gerçəkləşəcək.
2009-cu ildə əsası qoyulan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verən musiqi bayramı kimi ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanıb.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünya şöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri də iştirak edəcək.
Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışında “Viva Opera” adlı konsert proqramı təqdim ediləcək. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər – Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.
Festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.
Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, eləcə də Xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova musiqisevərlərin qarşısına çıxacaqlar.
Həmçinin respublika və beynəlxalq müsabiqələr laureatları Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abbasova, Vurğun Vəkilov, Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin), istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Raxmaninovun 150 illik və Yohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.
Qeyd edək ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 2009-2019-cu illərdə hər il – ümumilikdə 11 dəfə təşkil edilib. 2020-ci ildə koronavirus pandemiyası səbəbi ilə festival keçirilməyib.
Bundan öncəki, XII Qəbələ Beynəlxalq Musiqi Festivalı 2021-ci ildə 31 iyul – 4 avqust tarixlərində gerçəkləşib. Festival həmin il qeyd olunan əlamətdar hadisəyə – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu.