Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı olan şəhər Yaradıcılıq evi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Soltan Məmmədovun (1981-2020) doğum günü ilə bağlı “Qəhrəmanlar unudulmur!” adlı tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edənlər şəhidin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açaraq qazanılan şanlı Zəfərdə belə igid Vətən oğullarının rolunu vurğulayıblar. Tədbir zamanı şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib, vətənpərvərlik ruhlu şeirlər söylənilib, musiqilər səsləndirilib.

S.Məmmədov 10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, Laçın və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. 

***

Balakən rayon MKS-nin Qullar və Tülü kənd kitabxana filiallarının əməkdaşları 44 günlük Vətən müharibəsi qazisi Elçin Tütünçiyevi ziyarət ediblər. Görüşdə qazi ona göstərilən dövlət qayğısından danışıb.

Qax rayon Ləkit kənd Diyarşünaslıq evində “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tematik gecə təşkil olunub. Tədbirdə şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib, musiqilər ifa olunub.

***

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunan “Sizin qəhrəmanlığınız bizim üçün örnəkdir!” mövzusunda tədbir təşkil edilib. Çıxışlarda 44 günlük Vətən müharibəsi iştirakçılarının həyatından və onların keçdikləri şərəfli döyüş yolundan bəhs edilib.

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Əlabbas İsgəndərovun (1958-1992) xatirəsinə həsr olunan tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, belə tədbirlərin təşkil edilməsində məqsəd şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaqdır.

***

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin xatirəsinə həsr edilmiş “Azərbaycanın taleyini dəyişən qəhrəman oğullar” adlı tədbir keçirilib. Anım tədbiri şəhidin adına olan auditoriyada gerçəkləşib.

Universitetin Quba filialında N.Mirzəyevin adına xarici dil auditoriyasının açılışı ilə bağlı videoçarx izlənildikdən sonra direktor dosent Yusif Alıyev dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən qayğıdan danışıb. Direktor şəhidin atası Akif Mirzəyevə filialın fəxri fərmanını təqdim edib.

1999-cu ildə Quba rayonunun Dağlı kəndində doğulan N.Mirzəyev Vətən müharibəsində oktyabrın 19-da Qubadlı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, eləcə də Cəbrayılın və Qubadlının azad olunmasına görə medallarına layiq görülüb.

Nurəddin