Hər il kino işçilərinin peşə bayramı – Milli Kino Günü (2 avqust) rəngarəng tədbir və təqdimatlarla yadda qalır. 2023-cü il kinematoqrafiyamız üçün xüsusilə əlamətdardır. Azərbaycan kinosunun yaranmasının 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının isə 100 illiyi qeyd olunur. Bu il eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətə başlamasının 60 illiyidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kino işçilərinin peşə bayramı münasibətilə avqustun 1-də ömrünü ekran işinə həsr etmiş bir qrup insanı mükafatlandıracaq. AKİ-dən qəzetimizə bildirildi ki, ənənəvi olaraq bu il də ssenari, kinoşünaslıq, prodüser fəaliyyətinə görə uğur əldə etmiş bir neçə şəxs üçün mükafatlar nəzərdə tutulur. Əlamətdar günlə keçiriləcək tədbirdə mükafatlar sahiblərinə təqdim olunacaq. Mükafatın məqsədi milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdən ibarətdir. Mükafat üçün namizədlərin seçimi aparılarkən ittifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesləri nəzərdən keçirir, təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələri üzrə fəaliyyət göstərən insanların xidmətləri nəzərə alınır və açıq səsvermə yolu ilə laureatlar seçilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) da 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə bir qrup kino xadimini mükafatlandırıb. ARKİ-nin təsis etdiyi “Milli Kino Mükafatı”na bu il Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə və Ayaz Salayev layiq görülüblər.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, Milli Kino Günü münasibətilə avqustun 3-dən 10-dək “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə birlikdə klassik filmlərin nümayişi təşkil ediləcək. Həmçinin avqustun 1-dən etibarən İctimai Televiziyada son illərdə “Azərbaycanfilm”də istehsal olunan qısametrajlı filmlərin nümayişi nəzərdə tutulub.
Lalə Azəri