2,3 bal gücündə silkələnmə

 

Amerikalı müğənni Teylor Sviftin Sietl şəhərindəki (Vaşinqton ştatı) stadionda iyulun 22 və 23-də keçirilən iki böyük konserti 2,3 bal gücündə zəlzələ ilə müqayisə edilən seysmik aktivliyə səbəb olub.

Bu barədə Qərbi Vaşinqton Universitetinin geologiya professoru Ceki Kaplan-Auerbax CNN-ə bildirib. Professorun fikrincə, bu cür seysmik aktivliyin mənbəyi ya konsertdə tətbiq olunan güclü səs sisteminin dalğaları, ya da müğənnin on minlərlə pərəstişkarının eyni anda rəqs etməsi nəticəsində yarana bilər.

Sietldə keçirilən iki konsertdə ümumilikdə 144 min tamaşaçı iştirak edib.

Qeyd edək ki, Teylor Svift dünyanın ən çox qazanan müğənniləri sırasındadır. Pandemiyadan öncəki 2019-cu ildə müğənninin “Reputation Stadium Tour” albomu ilə bağlı konsert turundan təkcə ABŞ-də rekord həcmdə - 266 milyon dollar vəsait toplanmışdı.