Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1995-ci il 5 fevral

 

Prezident Heydər Əliyev görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən müəllif gecəsində çıxış edib.

“...Yüksək professional səviyyəli musiqi əsəri, sənət əsəri yazmaq, ortaya çıxarmaq, şübhəsiz ki, böyük istedad tələb edir. Arif Məlikov belə bir fitri istedada malik insandır. Bu fitri istedadı ilə yanaşı, öz sənətini sevməsi, sənətinə sadiq olması və fədakarcasına çalışması ona belə böyük əsərlər yaratmağa imkan verir.

Əlamətdar bir hadisədir ki, bugünkü müəllif gecəsi böyük bəstəkarımız, Azərbaycan xalqının fəxri, ölməz Qara Qarayevin anadan olduğu gündə keçirilir. Mənə elə gəlir, bəlkə bu axşam Qara Qarayevin anadan olması gününə həsr olunub... Üzeyir Hacıbəyovun Azərbaycanda yaratdığı musiqi məktəbi elə bir məktəb olub ki, ondan sonra xalqımız dünyaya bir çox görkəmli bəstəkarlar, musiqiçilər, mədəniyyət xadimləri verib. Qara Qarayev, Fikrət  Əmirov, Niyazi, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, başqaları və bu məktəbin yetişdirməsi olan görkəmli sənətkar Arif Məlikov.

Arifin yazdığı “Məhəbbət əfsanəsi” baleti bütün dünyanın professional opera və balet teatrlarında nümayiş etdirilir... Gərək ki, 1986-cı il idi. Böyük Teatrın yeni mövsümünün açılışı münasibətilə Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Yuri Qriqoroviçin quruluşunda tamaşaya qoyulmuşdu... Sovet İttifaqının rəhbərlərindən bir qrupu, o cümlədən də mən Böyük Teatrın lojasında əyləşmişdik. Təsəvvür edin, mən nə qədər sevinirdim ki, Moskvada, zəngin tarixə malik olan Böyük Teatrın səhnəsində mövsümün açılışında Arif Məlikovun “Məhəbbət əfsanəsi” əsəri göstərilir. Mən orada həm sevinirdim, həm də həzz alırdım, həm də fəxr edirdim. Oturmuşduq yan-yana – dövlət rəhbərləri dəfələrlə mənə tərəf dönürdülər və məni təbrik edirdilər. Mən də sevincimi onlara bildirirdim. Nəhayət, tamaşa başa çatandan sonra Arif Məlikovu Yuri Qriqoroviçlə bərabər səhnəyə dəvət etdilər. Biz onları alqışladıq və mən onu təbrik etdim. Belə xatirələr çoxdur...

Mən incəsənət xadimlərinə, musiqiçilərə həmişə böyük diqqət yetirmişəm. Xatirimdədir, mən onlarla vaxtaşırı görüşüb danışarkən bir-biri ilə münasibətlərinin gərgin olduğunu hiss edirdim və bunları aradan götürməyə çalışırdım... İstedadlı olanların hər birinin özünəməxsus xüsusiyyəti var. Mənim kimi siyasət adamı, respublikaya rəhbərlık edən adam gərək hərənin öz dilini bilsin, hərəni öz dili ilə dindirsin...

1973-cü ildə mən belə qərara gəldim ki, onları bazar günü Zuğulbada dəniz kənarındakı dövlət bağına dəvət edim, bir gün onlarla birlikdə olum. Rəhmətlik Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Soltan Hacıbəyov xanımları ilə gəlmişdilər. Tofiq Quliyev, Arif Məlikov və başqaları da orada idilər. Biz bütün günü söhbət etdik, musiqidən danışdıq. Xatirimdədir, Tofiq Quliyevlə Niyazi pianoda çox gözəl çaldılar. Biz xeyli söhbət etdik. Hesab edirəm ki, bu, çox böyük bir görüş oldu. Bundan sonra münasibətlər xeyli düzəldi. Yaxşı əsərlər də meydana gəldi. Fikrət Əmirovun “Min bir gecə” baleti çox gözəl əsərdir və elə o dövrün bəhrəsidir...

...Həyatın bu çətin, ağır dövründə musiqi bəstələmək və xüsusən simfonik əsərlər, professional, mürəkkəb əsər yaratmaq çox çətin məsələdir. Arif bunun öhdəsindən gəlir. Arif Məlikov Azərbaycan üçün böyük milli sərvətdir. Mən bunu heç də şişirtmədən, tam qətiyyətlə deyirəm. Biz onu qorumalıyıq, ona qayğı göstərməliyik. Bizim bugünkü görüşümüz, bu müəllif gecəsi şübhəsiz ki, ona daha çox ilham verəcək və o, yeni əsərlər yaradacaqdır...”.

 

1995-ci il 20 fevral

 

Heydər Əliyev Səttar Bəhlulzadə adına sərgi salonunda “Qadın Azərbaycan təsviri sənətində” mövzusuna həsr olunmuş sərginin açılış mərasimində iştirak edib.

 

1995-ci il 26 fevral

 

Heydər Əliyev Xocalı soyqırımının üçüncü ildönümü münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən xatirə məclisində çıxış edib.

 

1995-ci il 2 mart

 

Heydər Əliyev yazıçı Gəray Fəzlini 70 illik yubileyi münasibətilə təbrik edib.

 

1995-ci il 3 mart

 

Heydər Əliyev “Gülüstan” sarayında Ramazan bayramı münasibətilə keçirilən tədbirdə çıxış edib.

“...Şübhəsiz, ən böyük arzumuz torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır... Bunun üçün şübhəsiz ki, biz çox iş görməliyik, xalqımızın mənəvi birliyini təmin etməliyik. Gücümüzün hamısını bir yerə toplamalıyıq. Biz vətəndaş həmrəyliyini, xalqın bütün təbəqələrinin həmrəyliyini bir məqsəd üçün – Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün təmin etməliyik”.

 

1995-ci il 8 mart

 

Heydər Əliyev 10 mart – Milli Teatr Günü münasibətilə Azərbaycanın teatr xadimlərinə təbrik müraciəti ünvanlayıb.

“Azərbaycanın teatr xadimləri bütün mütərəqqi fikirli ziyalılarla birlikdə milli azadlıq hərəkatımızın ön cərgəsində getmiş, xalqın ağır günlərində ona mənəvi dayaq olmuşlar, bu gün də qədim mədəniyyətimizin dünyaya tanıdılmasında böyük işlər görürlər”, – deyə müraciətdə bildirilirdi.

Hazırladı: Vüqar Orxan

(davamı var)