“Çəkiliş zamanı hər məsələdə yaxasından yapışılan biz oluruq. Yağış səbəbindən təxirə düşən çəkilişin günahı da ikinci rejissordadır...”
Bəzən maraqlı bənzətmə edirik: filankəs həyatı film kimi adamdır. Amma mənim qəhrəmanım başdan-ayağa özü filmdir. Ömrünün təxminən yarım əsri kinoda, kino ilə iç-içə keçib. Onlarla filmin ikinci rejissoru olub. Zəngin filmoqrafiyası ilə ikinci rejissorlar arasında birincidir.
Beləliklə, həmsöhbətim indi ömrünün kinosuz keçən illərini kədərlə yola verib, kinomuzun parlaq keçmişi kimi gələcəyinə də inanan Əməkdar mədəniyyət işçisi, rejissor Akif Rüstəmovdur.
– Akif müəllim, kino adamları sizi niyə bu qədər çox istəyirlər?
– Doğrudan? Bunu yenidən eşitmək əntiqədir. Çox sağ olsunlar. Amma kinostudiyada hamı bir-birini çox istəyir. Çünki hamısı ömrünü kinoya həsr etmiş insanlardılar. Mən də hamısını çox istəyirəm.
– Amma yaradıcı mühit heç də həmişə siz deyən kimi olmur. Rəqabət, bəzən də intriqa...
– Təbii, bu da olur. Amma bəzi adamların içərisində qaranlıq olur və kino projektoru belə ona işıq sala bilmir. Ötən vaxtları görən adam kimi deyim ki, onda kinostudiyadakı qaynar həyatda dostluq, səmimiyyət daha çox idi. Belə olduqda rəqabət də sağlam idi.
– Bəs indi?
– İndi kino var ki? (gülür). Təəssüf ki, kinomuz ovaxtkı mərhələsinə qayıda bilmir. Sağ olsun dövlətimiz, kinoya qayğı, diqqət göstərir, onun inkişafına çalışır. Yaxşı orta və gənc kino nəsli də var. Yəni bütünlükdə kino, istehsalat üçün imkanlar var. Sadəcə, nə isə çatmır. Amma həmişə inanmışam, indi də inanıram ki, kino olacaq. Çünki kinosuz mədəniyyət ola bilməz.
– Sovet ideologiyasının hakim olduğu illərdə çalışmısınız. Bu sahə ideoloji maşının bir parçası olub...
– Əslində, bunun yaxşı tərəfləri daha çox idi, nəinki pis. Çünki kino vacib kütləvi təbliğat vasitəsidir və ondan səmərəli istifadə olunmalıdır. Sadəcə, o vaxt məsuliyyət daha çox idi. Sözsüz ki, nəzarət də. Çünki kinonun pulunu dövlət verirdi və proses müxtəlif mərhələlər və qurumlar səviyyəsində yoxlanılırdı. Yaradıcılıq üçün də imkanlar, mühit vardı və istəyən rejissor öz düşüncəsini senzor maşının diktəsindən də keçirib müəyyən mənada reallaşdıra bilirdi. Amma hər bir film, nə qədər zəif olsa da, pulunu artıqlaması ilə çıxarırdı.
– Zəif film də?
– Bəs necə? Çünki prokat işləyirdi. Onu da deyim ki, zəif film çəkmək şansımız da yox idi. Burada böyük şəxsiyyətlərin təmsil olunduğu bədii şura vardı. Şuradan sonra da Moskvada filmlərə baxırdılar. Belə olduqda hər bir rejissor, ssenarist, adi montajçı da var gücünü sərf edib ən yaxşısına can atırdı.
– Çalışdığınız rejissorlar arasında öz düşüncəsini həyata keçirən, belə deyək, ən cəsarətliləri kimlər idi?
– Həsən Seyidbəyli, Arif Babayev, Tofiq Tağızadə, Şamil Mahmudbəyov. Əlbəttə, hər rejissor istəyirdi ki, filmlərində millilik, dəyərlər də olsun və bunu ən mümkün formalarda realizə etməyə çalışırdılar.
– Amma açıq düşüncəni də yuxarılar hər zaman qəbul etmirdi...
– Bəli. Amma tam inkar edirdi də deyə bilmərəm. Məhz bu kimi məqamlar rejissordan çoxqatlı planda düşüncə tələb edir. Məsələn, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Dədə Qorqud”, “Babək” kimi filmlər kifayət qədər milli düşüncəsi, birbaşa və dolayı eyhamları ilə görün necə böyük uğur qazandı. Bir məqam var: sənin təqdim etdiyin iş yüksək səviyyəli olmalıdır. Yaxşı rejissor da məhz buna nail olandı.
– Hər iki dövrdə işləyən adam kimi fikriniz maraqlıdır: mühit, kinonun istehsalat prosesi onda daha demokratik və işlək idi, yoxsa indi?
– Hesab edirəm ki, onda. Düzdür, nəzarət güclüydü. Amma yaradıcılıq üfüqləri də geniş idi. Kino istehsalatında janr, mövzu və ideya zənginliyi vardı. İstəyən istədiyi mövzuya müraciət edə bilirdi. Düzdür, senzuranı, qayçını da unutmaq olmaz. Amma yenə də yaradıcılıq vardı. Rejissorlar da filmlərini müdafiə edərək, nəyi niyə etdiklərini əsaslandırmağa çalışırdılar.
– Bu mənada ən mübarizlər kimlər idi?
– Daha çox Həsən Seyidbəyli, Şamil Mahmudbəyov. Onlarla hesablaşırdılar da. Təcrübələri, təhsilləri, istedadları və bütün bunların verdiyi ötkəmlikləri vardı. Onları yuxarılarda da yaxşı tanıyırdılar. Hə, bir də rəhmətlik Tofiq Tağızadə. O, lap emosional idi. Az qala söz deməmiş özündən çıxardı. Amma ümumi dialoqa gəlinirdi. Məsələn, film pisdir, bağlayın deyən olmurdu. Cəza mexanizmi rejissoru dəyişmək olurdu. Yəni istehsalat dayanmırdı.
– Bayaqdan baxıram, hər xatirə sizi başqa bir aləmə aparır. Bir anlıq dünənə qayıtsaq...
– Zarafat deyil, ümumilikdə 56 filmdə işləmişəm, o cümlədən 29-u tammetrajlı bədii film. Kinostudiyaya gələndə cavan oğlan idim, indi isə... 1967-ci ildə gəlmişəm. Birinci filmim “Uşaqlığın son gecəsi” olub. 21 yaşım vardı. Hər şey mənə möcüzəli gəlirdi. Az vaxtda Arif Babayevlə dostlaşdım, sonra “Gün keçdi”ni işlədik. Ardınca Arifin məsləhəti ilə Tofiq Tağızadənin “Qızıl qaz” filmində ikinci rejissor oldum. Kinostudiyada hamı bir-birini yaxşı tanıyırdı axı. Onda məndən də təcrübəli rejissorlar vardı. O isə həmin filminə ikinci rejissor kimi məni seçdi. Beləcə, Tofiq müəllimlə bir neçə filmdə işlədik, əla dostluğumuz yarandı. Yaş fərqimizə baxmayaraq, səmimi münasibətimiz oldu. İndi oturub o zamana baxanda çox xoşbəxt oluram. Görün kimlərlə işləmişəm...
– Nüfuzlu kinorejissorlarla işləmək həm də dözüm istəyir, deyilmi?
– Yadımdadır, ilk tarixi film kimi “Nəsimi”ylə bağlı narahatlığım oldu. Rus məktəbində oxumuşdum, təcrübəm də az idi. Çıxılmaz vəziyyətə düşmüşdüm. Öz-özümə “mən bu nəhənglikdə işin öhdəsindən necə gələcəm” sualını verirdim. Çünki işin böyük hissəsi ikinci rejissorun üzərinə düşürdü. Düzü, qorxdum və işdən imtina elədim. Xəbər kinostudiyanın direktoru Adil İsgəndərova çatdı. Çox keçmədən çağırtdırdı. Getdim. Dedi: “Qadam, eşitdim filmdən imtina edirsən”. Mən də həqiqəti dedim. Məsuliyyəti və yükün ağırlığını izah etdim. Maraqlı bir baxışı vardı. Gözlərini qıyıb, məni təpədən dırnağa süzəndən sonra “Neynək, get Xalidənin yanına (katibəsi idi), ondan bir parça kağız al, ərizəni yaz. Daha sən mənə lazım deyilsən” dedi. Siz təsəvvür edin də halımı? Elə bildim ayağımın altından yer qaçdı. Güclə bu işə girib, az-çox özümü tanıdıram. Üstəlik də özümdən də böyük kino arzularım var. Qaldım məəttəl. İndi etiraz eləməyimin də yeri yoxdur. Adil müəllimdir e qarşımdakı. Rəhmətlik nə qədər zarafatcıl olsa da, çox kəskin adam idi. Necə deyərlər, əli ətəyindən uzun kinostudiyanın dəhlizləri ilə gəzişirəm. Bu vaxt rəhmətlik Arif Babayevi gördüm. Dublyajda idi. Vəziyyəti ona danışdım. Sözsüz ki, məsləhətlərini verdi, ürəkləndirdi, get işlə dedi. Özümü topladım. Bilirdim ki, Həsən Seyidbəyli qızışdırıb Adil müəllimi. Az-çox qulağıma çatmışdı. Verdim özümü Həsən müəllimin yanına. Filminin ikinci rejissoru olmağa razılaşdığımı dedim. Həsən müəllim də cəld gedib “Adil, cavandır, səhvin anladı, işləyəcək” dedi və mən beləcə, o filmdə də, kinoda da qaldım. Allah hər ikisinə rəhmət eləsin. Onların bu qətiyyəti olmasaydı, mən bu tarixi filmlər silsiləsinə qoşula bilməzdim.
– Sadəlövh bir sual: ikinci rejissorun vəzifəsi nədir?
– Rejissor ssenarisindən sonadək bütün işdə ikinci rejissor prosesin içindədir. Belə deyim də, hər məsələdə yaxasından yapışılan adam ikinci rejissordur (gülür). Adətən deyirdilər ki, yağış yağanda da təxirə düşən çəkilişin günahı ikinci rejissordadır. Sözsüz ki, yarızarafat olsa da. SSRİ-də ikinci rejissora “qərargah rəisi” deyirdilər. Bütün işlərin məsuliyyətini daşıyan, cavabdeh bizik. Düzdür, heyətdə kömək edənlər çox olur, amma əsas yük ikinci rejissorundur. Şikayət eləmirdik, maaşı yaxşı idi axı. Məsələn, quruluşçu rejissorun maaşı 300 manat idi. Onu da hər rejissor almırdı ha. Rejissorun kateqoriyasına görə dəyişirdi. Üç filmimdən sonra mənim də kateqoriyam qalxdı və maaşım oldu 300 manat. Əmək kitabçam da belə yazılıb: yüksək kateqoriyalı kinorejissor. Çətin və kateqoriyalı filmlərdə işləmişəm deyə əməkhaqqım da çox idi, hətta filmin direktorundan da yüksək. Bundan başqa, qonorar da vardı. Onlar bilirdilər ki, kimin çiynində hansı yük var, kim nə edir.
– Bu mənada, ən çətin çəkiliş prosesi hansı filmdə olub?
– “Babək” filmində. Çünki orada kütləvi səhnələr çox idi, şərait də yox. Çəkiliş olan ərazidə bir ağaca da rast gəlməzdin. Söhbət məndən getmir. Orada təxminən 5 min insan vardı. Təsadüfi deyil ki, o film ən çox kütləvi səhnənin olduğu ekran əsəridir. Onun üçün Moskvadan xüsusi atlılar alayı gəlmişdi. Əsasən də məkan çəkilişləri, isti, şəraitsizlik və insan amili. Amma çətin də olsa öhdəsindən gəldik. Qoyun bir az özümüzü tərifləyim də. Moskvada elə filmlər üçün 7-8 assistent, 2-3 rejissor ayrılırdı. Bizdə isə bu say uzağı 2-3 assistentlə bitirdi. Amma yük bərabər idi. “Nəsimi” də ağır iş istəyən film idi. Sıralasaq, üçüncüsü “Dədə Qorqud” olar. Ən çox maliyyə sərf olunan da “Babək”i saysaq, o, kinostudiyanın ən miqyaslı işi sayılmalıdır.
– Quruluşçu rejissor ilə ikinci rejissor arasındakı yaradıcı münasibətdən danışaq. Yəqin burada dialoqsuz mümkün olmaz. Bir də bütün zərbələri ikinci rejissor alır, deyirsiniz...
– Bəli, zərbəni alır. Amma ikinci rejissor da insandır və mütləq bir gün özündən çıxa bilər. Məndə bu hal “Nəsimi”də yaşandı. Rəhmətlik Həsən Seyidbəyli yaxşı insan idi, sadəcə, arada olur da. Mənə oğlum deyə xitab edirdi. İşləməkdən yorulmazdı. Mənə görə, aktyorlarla ən yaxşı işləyən də məhz o idi. Amma çəkilişlərdən birinin təxirə düşməsi, daha doğrusu, onun bir təlimatının mənə, mənim də dəyişən çəkiliş planı ilə bağlı xəbərimin ona çatmamağı, yəni rabitəsizlik səbəbindən aləm dəydi bir-birinə. Cavanam da, mən də ani səbirsizliklə şələ-şüləmi yığıb qayıtdım Bakıya. Bütün məsələ də bundan sonra başladı. Filmin direktoru Bəşir Quliyev də qəflətən dünyasını dəyişdi. Aləm qarışdı. Mənim acıq eləyib gəlməyimlə Həsən müəllim lap özündən çıxır, qalan iki günün çəkilişini də ləğv edir və heyət kinostudiyaya qayıdır. Gəlir Adil müəllimin yanına, bütün hirsini qrupun üzərinə tökür, heyətin kateqoriyasının aşağı salınmasını istəyir. Uşaqlar zəng elədilər ki, “Akif, gəl, qırğındı”. Yetirdim özümü. Kateqoriyalar aşağı düşsə, 3 ili itiririk. Sözsüz ki, üzrxahlıq etdim, barışdıq. Ruhu şad olsun, durdu və Adil müəllimə nə dedi-nə demədi, sonra hər şey yoluna qoyuldu. Amma ümumən çəkiliş proseslərimiz çox rahat, şən, qaynar keçərdi. Bunlar arasında ən zövq alıb, dincələrək yorulduğum “Dərviş Parisi partladır” filmi idi. İlahi, o günlər yadıma düşəndə elə bilirəm ömür gözümü açıb-yumunca keçib. Heyətə baxın, görün, necə nəhəng sənətkarlar vardı. Hayıf o günlərdən. Yəqin bilirsiniz, o film əslində Kamil Rüstəmbəyova verilmişdi. Bir-iki məkan çəkilişindən sonra bədii şura kadrlara baxdı və filmin çəkilişləri dayandırıldı. Belə olduqda operator Zaur Məhərrəmov da filmdən çıxdı. Amma istehsalatda fasilə uzun çəkmədi və iş Şamil Mahmudbəyova verildi.
– Kinostudiyanın dəhlizlərinin qaynayan dövrünü yaşamışınız. İndi o sükut sizi üzmür ki?
– Yaman yaralı yerimə toxundunuz. Bu məni çox ağrıdır. Tək məni yox, hamımızı. Qarşıdan “Kino günü” gəlir, istəmirdim kövrəlim. Yəqin qocalıqdandır, ürəyim bu anlar yerindən çıxır, gözlərim sözümə baxmır. Bağışlayın, icazənizlə, fasilə edək... Hə, keçmiş məni həmişə belə kövrəldir. Təsəvvür edin, il ərzində irili-xırdalı 10 film çəkilə, hər an həyat qaynaya. Sonra da gəlib bu hala düşəsən. Ürəyim ağrıyır. Amma yenə də ümidliyəm və inanıram ki, kinomuz o çağlayan dövrünə qayıdacaq. Ümidli nəsil var.
– Kinomuzun çətin dövrünü – 90-cı illəri də görmüsünüz. Məsələn, Tofiq Tağızadənin öz hesabına çəkdiyi “O dünyadan salam”da ikinci rejissor olmusunuz...
– Bilirsiniz ki, Tofiq müəllimin ən böyük arzusu o filmi çəkmək idi?! İllərlə o ssenarini şuradan keçirə bilmirdi. Amma inadla “çəkəcəm” deyirdi. O vaxt “Vətən” cəmiyyəti vardı. Onların toplantısına gedərək filminin taleyini həll edib, maliyyə aldı. Özü də söz verdi ki, qaytaracaq. Kinonun heç kimin yadına düşmədiyi məqamda o filmi çəkdi və cəmiyyətin də pulunu qaytardı. Amma necə qaytardı, bilmədim. Ən əsası o öz arzusunu reallaşırdı, hətta filmi bacısına vəsiyyət etdi. Tofiq müəllimin son filmi “Köpək” idi. Amma təəssüf ki, həmin vaxt mən Eldar Quliyevlə işləyirdim deyə gələ bilmədim. Ruhları şad olsun, hamısı gözəl insanlar idi. Hamısından sevgi, mehribanlıq gördüm. Amma ən əliaçığı Tofiq müəllim idi. Heç vaxt “yox” deməzdi. Yazıq Tofiq müəllim film ilə yaşayırdı. Xəstəxanada yatanda mənə “1905-ci ildə” filminin ssenarisini göstərdi, “Sağalan kimi bu filmi çəkəcəm, mənimlə işləyərsən?” dedi. Sözsüz ki, “hə” cavabını verdim. Amma bilirdik ki, çox az vaxtı qalıb, iki günə dünyasını dəyişdi.
– Epizodik də olsa, hansısa filmdə çəkilmisiniz?
– Bəli, iki filmdə. “Uşaqlığın son gecəsi”ndə maşını ilə kadra düşən iri gün eynəkli oğlan mənəm. O da təsadüfən oldu. Həmin vaxtlar maşınlı adamlar az idi. Bir tanış oğlan vardı, vədələşdiyimiz vaxt çəkiliş meydanına gəlmədi. Artıq gün batırdı. Bax, o kadra məni çəkdilər. Bir də rəhmətlik Rasim Ocaqovun “Güllər” bədii-sənədli filmində qucağında gül dəstəsi ilə keçən mənəm. Bax belə, iki kadrda mən də varam. Amma “Ad günü” filmində baş rol üçün Hacı İsmayılovla birgə sınaq çəkilişində də olmuşam. Rasim Ocaqov “o rolda səni görürəm” desə də, alınmadı, bir növ istəmədim.
– Ürəyinizdən quruluşçu rejissor olmaq istəyi keçibmi?
– Əlbəttə, keçib. Amma o vaxt bu elə də asan deyildi. Kinoda təcrübə yığmaq, sonra öz filmimi çəkmək istəyirdim. Amma Moskvaya təhsilin arxasınca getmədim. Heç imkanım da olmadı. Sonradan da nə film verildi, nə də mən istədim. Vallah, heç təəssüflənmirəm də. Gör, nə qədər filmdə işləmişəm, necə sənətkarlar görmüşəm.
– İşlədiyiniz filmlərə indi baxanda ən çox nələrə diqqət edirsiniz?
– Daha çox titrlərə baxıram, öz adımı görən kimi də bambaşqa oluram. Elə bil cavanlaşıram, ruhum qanad açır, bir anda gedirəm çəkiliş prosesinə, o illərə.
– Övladlarınızdan kinoya maraq göstərən oldu?
– Kino başımı qatdı, gec evləndim. Bir qızım, iki nəvəm var. Yox, kinoya həvəsləri elə tamaşaçı kimidir.
– İndiki kinoda arzunuz nədir?
– Futbolu çox sevirəm və təəssüf ki, kinematoqrafiyamız o mövzuda film çəkməyib. Futbol mövzusunda bədii film çəkmək. Arzudur da, edirəm, kimə nə ziyanı?
– Kino işçilərinə sözünüz...
– Talantlı, maraqlı və düşüncəli nəsil var. Sadəcə şərait yaratmaq, dəstək olmaq lazımdır. İnanıram ki, kinoya vurğun adamlar bizi kinosuz qoymazlar. Kino gününüz mübarək, dostlar.
Söhbətləşdi: Həmidə Nizamiqızı