Sərgi, konsert, görüş

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının (UİF) ikinci mərhələsi davam edir.

İyulun 29-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində rayon üzrə festivalın I mərhələsində tətbiqi-dekorativ sənət, rəssamlıq və heykəltaraşlıq nominasiyalarında uğur qazanmış şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, şəhər Uşaq rəssamlıq məktəbi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ziyarətçilər gün ərzində sərgidə yer alan əl işləri ilə tanış olublar.

***

Masallı şəhər Uşaq incəsənət məktəbində rayon üzrə UİF-nin I və II mərhələsində musiqi və rəqs nominasiyalarında uğur qazanmış uşaqların konserti keçirilib.

Əvvəlcə tədbir iştirakçıları festivalda rəsm nominasiyası üzrə uğur qazanmış Masallıdan olan rəssamların əl işlərindən ibarət sərgiyə baxıblar. Çıxışlarda UİF-nin əhəmiyyətindən bəhs edilib. Sonra konsert proqramı təqdim olunub.

***

Yardımlı rayonu üzrə UİF-nin I mərhələsində rəsm və dekorativ-tətbiqi sənət nominasiyalarında uğur qazanmış şagirdlərin rayon ictimaiyyəti ilə görüşü keçirilib. Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Festivalda uğurla iştirak edən Kəmalə İbişli öz təəssüratlarını bölüşüb. Sonda şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış olub.

***

Festivalın I və II turlarında uğur qazanan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyindəki Gəncə şəhər Uşaq incəsənət məktəbi şagirdlərinin şəhər Heydər Əliyev Mərkəzində sərgisi təşkil olunub.

RMİ-nin rəis vəzifəsini müvəqqəti icra edən Pərvin Kazımov müsabiqədə uğur qazanan şagirdləri təbrik edərək onlara nailiyyətlər arzulayıb.

Daha sonra şəhər Uşaq incəsənət məktəbi Vokal şöbəsinin 3-cü sinif şagirdi Əmirxan Oruclu və Gəncə şəhər F.Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbinin qızlardan ibarət kanon ifaçıları ansamblı tərəfindən Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub, rəqs nömrələri təqdim edilib.

***

Şəki-Zaqatala RMİ-nin təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində rayon üzrə UİF-nin I və II turunda iştirak edən uşaqların konserti təşkil olunub. Əvvəlcə rayon üzrə festivala qatılmış istedadlı uşaqların rəsmlərindən ibarət sərgi nümayiş etdirilib. Konsertdə Şəki şəhərində yerləşən uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri, R.Ocaqov adına Şəki şəhər Uşaq-gənclər inkişaf mərkəzinin özfəaliyyət kollektivləri, rəqs qrupları və s. çıxış ediblər.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində rayon üzrə rəssamlıq nominasiyasında UİF-nin II mərhələsinə vəsiqə qazanmış uşaqların əl işlərinin sərgisi keçirilib.

Əvvəlcə şagirdlər mərkəzin fəaliyyəti ilə tanış olub, onlara Ulu öndərin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Nurəddin