O sanki canlandırdığı rolların taleyini yaşayırdı. Buna görə də səhnədə və ekranda yaratdığı hər bir obraz tamaşaçı yaddaşına həkk olurdu. Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov həm sənəti, həm də şəxsiyyəti ilə sənətsevərlərin hörmətini qazanmışdı.

Məmmədrza İsa oğlu Şeyxzamanov 4 avqust 1915-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Uşaqlıq dövrü ağır keçib. İki yaşında ikən atası vəfat edir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Məmmədrzanın babası – Cümhuriyyət dövründə mühüm dövlət vəzifəsində çalışmış Nağı Şeyxzamanovun və yaxın qohumlarının repressiyaya məruz qalması ilə ailənin vəziyyəti daha da çətinləşir.

Aktyorluq sənətinə həvəsi hələ orta məktəbdə oxuyanda yaranmışdı. Məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə bu sənət ocağına dəvət edilir. Teatrda roldan-rola sənətinin sirlərini dərindən mənimsəyir, püxtələşir. Aktyorun sorağı paytaxta da gəlib çatır. 1954-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında işə başlayır.

Məmmədrza Şeyxzamanov 30 ilə yaxın çalışdığı Azərbaycan Dövlət Akademik Dram Teatrında Azərbaycan və dünya klassiklərinin əsərlərində müxtəlif xarakterli rolların uğurlu ifaçısı kimi tanınıb. Qacar, Xosrov (“Vaqif”, “Fərhad və Şirin”), İmamyar, Aydın (“Yaşar”, “Aydın”), Edqar (“Antoni və Kleopatra”), Hacı Həsən (“Ölülər”), İxtiyar (“İblis”) və başqa onlarla rolları ona teatr aləmində böyük şöhrət qazandırıb. Aydın diksiya və obraza girmək bacarığı onun yaradıcılığı üçün xarakterik əlamətlər olub.

Qayğıkeş sənətkar ağsaqqal məsləhətləri ilə insanların köməyinə gəlməkdən zövq alarmış. Oynadığı rollarda olduğu kimi, həyatda da sadə və təvazökar idi. Yüksək səmimiyyəti onu kollektivə daha çox sevdirirdi.

Aktyorun kinoda ilk rolu 1955-ci ildə ekranlara çıxan “Bəxtiyar” filmində professor Rəcəbov obrazı olur. Sonra filmlərdə bir-birindən maraqlı rollar oynayır. “Qızmar günəş altında” Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı?” filmində polkovnik Qurbanov, “Böyük dayaq”da raykom katibi, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm, “Tütək səsi”ndə İsfəndiyar kişi kimi obrazlar tamaşaçıların yaddaşında dərin iz qoyub.

Hər dəfə “Ruhani” saz havasını eşidəndə “Tütək səsi” filmi yada düşür. Filmdə həyəcanlı şəkildə evinə qaçan, sonra da evdə sazı sinəsinə basıb bu məşhur saz havasını səsləndirən köhnə çuxalı müharibə dövrünün azərbaycanlı kişisini xatırladan İsfəndiyar obrazı göz önünə gəlir...

Unudulmaz sənətkar 24 yanvar 1984-cü ildə, 69 yaşında vəfat edib.