Özbəkistanın mədəniyyət xadimlərinə Azərbaycanın dövlət təltifləri təqdim olundu
Prezident İlham Əliyevin 30 avqust 2022-ci il tarixli sərəncamları ilə Özbəkistanın bir qrup mədəniyyət və incəsənət xadimi dövlət təltiflərinə layiq görülüb.
Avqustun 3-də ölkəmizdə Özbəkistan mədəniyyəti günləri çərçivəsində dövlət təltifləri sahiblərinə təqdim olundu.
Milli İncəsənət Muzeyində keçirilən mərasimdə iki ölkənin mədəniyyət nazirləri, tanınmış incəsənət xadimləri iştirak edirdilər.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov qonaqları salamlayaraq bildirdi ki, ölkələrimiz arasında dostluq münasibətləri, əlaqələrin möhkəmlənməsində dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin müstəsna xidmətləri var. Sevindirici haldır ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə qardaş ölkənin bir qrup mədəniyyət xadimi “Xalq artisti” fəxri adı və “Dostluq” ordeni ilə təltif edilib. Qardaş ölkələrimiz arasında dostluq münasibətləri bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla inkişaf edir.
Sonra tanınmış müğənni Nəsibə Abdullayevaya “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının nişanı və vəsiqəsi təqdim edildi.
Mükafatı mədəniyyət naziri Adil Kərimli təqdim etdi. Adil Kərimli iki xalq arasında bağların daha da yaxınlaşmasında xidmətləri olan sənət adamlarını təbrik edərək yaradıcılıq uğurları arzuladı.
Nəsibə Abdullayeva Azərbaycan xalqının onu unutmadığını, sənətinə hər zaman diqqət və sevgi ilə yanaşdığını qeyd edərək yüksək dövlət təltifinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Daha sonra “Dostluq” ordeni ilə təltif edilən Haşimjon İsmayılov, Əli Nəsirli və Kamoliddin Urinbayevin mükafatları təqdim olundu. Əli Nəsirli mərasimdə iştirak edə bilmədiyi üçün mükafat nümayəndə heyətinə təqdim edildi.
Təltif olunanlar çıxış edərək Azərbaycanda fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını dilə gətirdilər. Sənət adamları Azərbaycan və Özbəkistanda mədəniyyətin inkişafına bundan sonra da öz töhfələrini verəcəklərini vurğuladılar.
Mərasimdə Özbəkistan Prezidentinin sərəncamı ilə fəxri ada layiq görülən azərbaycanlı sənət və elm adamları da iştirak edirdi.
İki ölkənin nazir və sənətçiləri birgə xatirə şəkli çəkdirdilər.
Özbəkistanlı qonaqlar Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə də tanış oldular.
Lalə