Mədəniyyət Nazirliyi tərəfindən uşaq incəsənət və musiqi məktəblərində direktor, direktor müavini və müəllimlərin işə qəbulu prosesinin ikimərhələli sistemlə həyata keçirilməsinə başlanılıb. Birinci mərhələ – test mərhələsi Dövlət İmtahan Mərkəzi ilə birgə təşkil olunur. İkinci mərhələ isə müsahibə şəklində qabiliyyətin yoxlanılmasından ibarətdir. Burada namizədlərin bilik və bacarıqları müstəqil ekspertlər, peşəkar mütəxəssislər tərəfindən qiymətləndirilir.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin rəhbəri Aynur Kərimova bu mövzuda bir sıra məsələlərə aydınlıq gətirib.

 

– Mədəniyyət Nazirliyinin tabe təhsil müəssisələrinə 2023-cü ildə direktor, direktor müavinləri və müəllimlərin işə qəbulu ilə bağlı ümumi yanaşma və prosedur özündə nəyi ehtiva edir? Müsabiqələrdə kimlər iştirak edə bilir?

– Uşaq incəsənət və musiqi məktəblərində tədrisin necə qurulması mədəniyyətimizin inkişafının təməlində dayanan mühüm məsələlərdəndir və bu sahədə keyfiyyətli təhsil başlıca meyardır. Sözsüz ki, musiqi, incəsənət, rəssamlıq, aşıq məktəb və mərkəzlərində tədrisin yüksək səviyyədə qurulmasında, peşəkar müəllim kadrlarının müstəsna rolu var. Çünki bu sahə baza rolunu oynayır və burada təhsilin təməli daha möhkəm və etibarlı qoyulmalıdır.

Öncə onu deyim ki, qeyd etdiyiniz imtahanlarla bağlı nazirliyə çoxsaylı müraciət və suallar ünvanlanır. Nəzərə çatdırmaq istərdik ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 2022-ci ildə iştirak etmiş namizədlərin əldə etdikləri nəticələr, yəni toplanmış ballar 2 il qüvvədə qalır. Bununla əlaqədar 2022-ci ildə test imtahanında müvafiq minimal balı toplamış namizədlər test imtahanına qatılmadan iştirak edə bilərlər. Bu müəssisələrdə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”nın tələblərinə müvafiq olaraq müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Direktorların və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqədə ali təhsil müəssisələrini “Mədəniyyət və incəsənət ixtisasları qrupu” üzrə bitirərək diplom almış, ixtisası üzrə 5 ildən az olmayaraq pedaqoji əmək stajı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Xarici dövlətin təhsil müəssisəsini bitirmiş şəxslər isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən ali təhsilə aid kvalifikasiyaların tanınmasına dair təsdiq edilmiş şəhadətnamə təqdim etməlidir. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini “Mədəniyyət və incəsənət ixtisasları qrupu” üzrə bitirərək diplom almış, eləcə də xarici dövlətin təhsil müəssisəsini bitirmiş şəxslərə verilən yuxarıda qeyd olunan müvafiq şəhadətnaməni təqdim etmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

 

– Müsabiqənin test imtahanı mərhələsi necə keçdi?

– İmtahanın keçirilməsi və müvafiq qaydalarla bağlı əvvəlcədən Mədəniyyət Nazirliyinin rəsmi internet saytının “Elanlar” bölməsində məlumatlar yerləşdirilmişdi. Müsabiqənin test imtahanı mərhələsi 16 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilib. Nəticələr isə iyulun 18-də elan olunub.

 

– Ümumilikdə test imtahanlarında iştirakçılıq hansı səviyyədə olub?

– Nəzərə almaq lazımdır ki, musiqi və incəsənət məktəbləri hər zaman cəmiyyətimizin xüsusi diqqətində olublar. Əksər ailələr məktəbyaşlı övladlarını bu sahəyə yönəltmək arzusunda olurlar. İncəsənət sahəsi insanlar arasında populyar olduğu kimi, bu istiqamət üzrə tədris müəssisələrində çalışmaq istəyənlərin də sayı ildən-ilə artır. Elə bu səbəbdən də direktor və direktor müavini vəzifələri üzrə işə qəbulun test imtahanı mərhələsi üçün ümumi 86 nəfər namizəd qeydiyyatdan keçmiş, onlardan 83 nəfəri imtahanda iştirak etmiş, 37 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanmışdı. Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi üçün ümumilikdə 1048 nəfər namizəd qeydiyyatdan keçmiş, onlardan 1026 nəfəri imtahana qatılmış, 511 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak haqqına sahib olmuşdu.

 

– Şəhid ailələri və qazilərə işə qəbul zamanı hər hansı güzəştlər tətbiq edilirmi?

– Əlbəttə. Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas kateqoriyaya aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılmasına daim xüsusi diqqət və həssaslıqla yanaşılır. Vətəndaşlarımızın daim qayğı ilə əhatələnməsi, dövlət dəstəyini hiss etməsi dövlət siyasətinin prioritet hədəflərinin təməlində dayanır. Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür. Nazirlik tərəfindən də bu istiqamətdə müvafiq addımlar atılır. Bütün bu sadaladıqlarımızdan irəli gələrək müsabiqədə uğurlu nəticə göstərmiş namizədlər arasında seçim edilərkən şəxsin şəhid ailəsinin üzvü və ya müharibə iştirakçısı olması da nəzərə alınır.

 

– Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlərin vakansiya seçimi nə zaman başlayacaq?

– Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində direktor, direktor müavini və müəllim vəzifələri üzrə vakansiyalar haqqında məlumat işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak üçün qeydiyyat aparıldığı zaman – 2023-cü il 20 avqust tarixindən sonra Mədəniyyət Nazirliyinin culture.gov.az saytında yerləşdiriləcək.

 

– Namizədlər müsahibə proqramı ilə haradan tanış ola bilərlər?

– Məktəblərimizdə yalnız savadı ilə deyil, həm də qabaqcıl tədris metodikası ilə fərqlənən müəllimlərin çalışması müvəffəqiyyət üçün mühüm göstəricidir. Təbii ki, nisbətən gənc müəllimlərin təcrübə toplamalarına zərurət mövcuddur və onların bu istiqamətdə dəstəyə ehtiyacları var. Məktəblərin modernləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, şagird hazırlığının keyfiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, təhsilin məzmunca yeniləşdirilməsi qarşıda qoyulmuş əsas vəzifələr olduğu üçün, müsahibə zamanı da bu meyarlara üstünlük verilir. Mövzu ilə bağlı mütəmadi olaraq nazirliyin internet informasiya ehtiyatlarında elanlar yerləşdirilir. Müsahibə proqramı haqqında məlumatlar da, həmçinin nazirliyin rəsmi informasiya saytında yerləşdirilmişdir.

Onu da vurğulayım ki, təhsil müəssisəsinin rəhbərliyinə namizəd olan şəxs məktəbin fəaliyyətinin təkmilləşdirilməsi üzrə öz proqramını təqdim etməlidir. Proqramda məktəbin gələcək vəziyyətinin təsviri, sahə üzrə problemlərin həlli yolları, müvafiq sahənin və məktəbin inkişafını təmin edəcək tədbirlər və fəaliyyətlər planı, mövcud resurslardan istifadə etməklə daha yüksək nəticə əldə etmək üçün təkliflər, proqramın həyata keçirilməsindən gözlənilən nəticələr öz əksini tapmalıdır. Direktorların və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən namizədin vakant vəzifəyə təqdim etdiyi proqramın aktuallığı, səmərəliliyi, sistemliliyi, reallığı, ətraflı və detallı işlənilməsi və s. sahələr üzrə qiymətləndirilir. Bura həmçinin namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları daxildir.

 

– Müsahibənin nəticəsindən narazı olan namizədlər hara müraciət etməlidirlər?

– Müəllimlərin istedad və bacarıqları qiymətləndiriləcək, şəffaf, obyektiv şəkildə qərarlar qəbul ediləcək. Müsahibə mərhələsinin nəticələrindən narazı qalan namizədlər appelyasiya@culture.gov.az ünvanı ilə müraciətlərini edə bilərlər. İnanırıq ki, hər kəsin bilik və bacarığı ölçüsündə dəyərləndiriləcək. Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə Apellyasiya komissiyası yaradılıb. Komissiya şikayətləri obyektiv şəkildə araşdıraraq namizədin iddia etdiyi vəzifəyə uyğun olub-olmaması barədə müvafiq qərar qəbul edir və bu haqda namizədin məlumatlandırılmasını təmin edir.

 

– Test və müsahibə mərhələsindən uğurla keçmiş, lakin vakant yer olmadığı üçün təyinat ala bilməyən namizədlərin aqibəti necə olacaq?

– İncəsənət təhsili şəxsiyyətin hərtərəfli inkişafında, onun mənəviyyatının, yaradıcı fərdiliyinin, intellektual və emosional zənginliyinin formalaşmasında, əxlaqi cəhətdən sağlam nəslin yetişməsində böyük əhəmiyyət kəsb edir. İşə qəbul üzrə keçirilən müsabiqədə uğur qazanan, lakin vəzifəyə təyin edilməyən namizədlər iki il müddətinə ehtiyat kadrlar siyahısına daxil edilirlər. Bu müddətdə müvafiq ixtisas üzrə vakant vəzifə yaranarsa, həmin namizədlər onların razılığı ilə müsabiqədənkənar vəzifəyə təyin edilə bilərlər.

 

– Müəllimlərin işə qəbulu üzrə test imtahanının keçid balları barədə nə deyərdiniz?

– Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal toplamış namizədlər, Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblərdə işə qəbul olunmaq istəyən namizədlər istisna olmaqla, uğur qazanmış hesab edilirlər. Bakı şəhərinin məktəbləri üzrə test imtahanlarında 49 bal toplamış namizədlər, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə 42 bal toplamış namizədlər uğur qazanmış hesab olunurlar. Simli alətlər – violonçel və kontrabas, klassik və milli nəfəsli alətlər, habelə xoreoqrafiya ixtisaslarına gəlincə isə bu ixtisaslar üzrə Bakı şəhər məktəbləri üçün 44, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üçün 37, digər regionlar üzrə 30 bal müəyyən edilib.

 

– Müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanmış namizəd ikinci iş yeri kimi musiqi məktəblərində çalışa bilərmi?

– Bütün sahələrdə olduğu kimi, bu sahədə də fəaliyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun tənzimlənir. Mədəniyyət Nazirliyi sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazanmış namizədin yalnız əsas işçi kimi təyinatı ilə bağlı qərar verilir. Belə ki, məktəbdə əlavə, yəni ikinci iş yeri üzrə çalışan işçi tərəfindən müvafiq vakansiyanın tutulması müsabiqədə uğur qazanmış və əsas iş yeri olmayan digər namizədlərin haqlı narazılığına səbəb olur.

 

– Müəllimlər iş yerini bir məktəbdən digər məktəbə dəyişə bilərmi? Bu zaman prosedur hansı formada həyata keçirilir?

– Məktəblərdə müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri eyni olan ərazilər daxilində iş yerinin dəyişdirilməsi məsələsinə nazirliklə razılaşdırmaqla müvafiq regional idarələr tərəfindən fərdi qaydada baxılır. Digər hallarda müəllimlərin yerdəyişməsi nazirlik tərəfindən yaradılan komissiyanın qərarına əsasən müsahibə yolu ilə həyata keçirilir.