Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...
1995-ci il 15 aprel
Prezident Heydər Əliyev Xalq şairləri Bəxtiyar Vahabzadə, Məmməd Araz və Xəlil Rzanın (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif olunması haqqında fərman imzalayıb.
Heydər Əliyev həmin gün Xalq şairi Bəxtiyar Vahabzadəni qəbul edib.
1995-ci il 16 aprel
Heydər Əliyev M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Məmməd Arazın “Azərbaycan – dünyam mənim” adlı yaradıcılıq gecəsində iştirak edib. O, tədbirdən sonra ziyalılarla görüşdə çıxış edib.
“Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir... Bu gün biz bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik...
Dünən mən Bəxtiyar Vahabzadə ilə görüşüb söhbət edirdim. Son bir neçə ay ərzində mən çox fikirləşirəm ki, bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. Çünki xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır... Son illər bizim mədəniyyətimizə, elmimizə, şeirə, ədəbiyyata diqqət azalıb. Bilirsiniz, bu axşam bizim üçün nə qədər böyük bir mənəviyyat axşamı oldu...
Belə şeir gecələri, ədəbiyyat gecələri, belə görüşlər mənə elə gəlir ki, xalqımızın həyatının, tarixinin bu dövründə xüsusilə lazımdır. Çünki mənəviyyat bəzi yerlərdə çox tapdalanıb, unudulubdur, əxlaq pozulubdur. Bir tərəfdən bunun obyektiv səbəbləri var – həyat çətindir, ağırdır, müharibə şəraitində yaşayırıq. İkinci tərəfdən də cürbəcür ictimai-siyasi proseslər, iqtisadi çətinliklər buna müəyyən şərait yaradıbdır. Ancaq biz bunların qarşısında təslim ola bilmərik, geriyə çəkilə bilmərik... Buna görə də mən hesab edirəm ki, belə görüşlərə, belə gecələrin keçirilməsinə böyük ehtiyac var və Məmməd Araz poeziyasının bugünkü məclisi mənə elə gəlir ki, Azərbaycanın mədəniyyət tarixində, mədəni həyatında, ictimai həyatında böyük, görkəmli bir hadisədir.
...Mən şeirə də, mahnıya da çox hissiyyatlı adamam. O misraları, o sözləri, o musiqini həyəcansız dinləyə bilmirdim. Bizim mədəniyyətimizin nə qədər dərinliyi var, yüksəkliyi var! Biz nə qədər zənginik! Biz özümüz-özümüzü çox vaxt qiymətləndirə bilmirik. Xalqımızın zəngin mədəniyyəti keçmişdə də olub, bu gün də var, ümidvaram ki, gələcəkdə də olacaqdır.
Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni “İstiqlal” ordenidir. İndiyə qədər bu ordenlə heç kəs təltif olunmayıbdır. Dünən mən fərman verərək Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, mərhum Xəlil Rzanı “İstiqlal” ordeni ilə təltif etmişəm... Biz milli azadlığımız uğrunda çalışmışıq, mübarizə aparmışıq... Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza kimi insanlar öz yaradıcılığı ilə bu sahədə çox işlər görüblər... İnsanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur. Bu vasitədən xalqımız keçmişdə də istifadə edibdir... Məhz bunların nəticəsində bizdə milli psixologiya, milli ideologiya formalaşmağa başlayıbdır.
Bu milli ideologiya indi böyük bir sistem şəklində deyil, yəni bir sənəd, bir proqram yoxdur. Amma bu olmalıdır və biz bunun üzərində işləyirik. Bunları toplayıb, sistemləşdirib formalaşdırmaq üçün bizim böyük bir sərvətimiz var. O sərvət də bizim mədəniyyətimizdə, ədəbiyyatımızda, xüsusən şeirimizdə olan bax, bu fikirlər, bu çox dəyərli sözlərdir.
...Məmməd Arazın şeirlərini götürüb oxuyursan, amma Mikayıl Mirzə kimi oxuya bilməzsən axı. Mikayıl Mirzə oxuyanda sənə daha güclü təsir edir. Və yaxud Zəlimxan Yaqub dediyi kimi, bunu sən özün qavraya bilməzsən. Ona görə də bu gün mən buradan böyük mənəvi qida aldım. Məmməd Arazın yaradıcılığı ilə, bizim mədəniyyət xadimləri ilə təmasda olmaq, görüşmək, söhbət etmək dövlət adamı kimi mənim üçün böyük bir hadisədir. Belə tədbirləri gələcəkdə də keçirmək lazımdır... Mən teleradio şirkətindən xahiş etmişəm ki, bugünkü görüşü sonra televiziya ilə tamamilə versinlər. Qoy ictimaiyyət də bilsin. Biz də çalışmalıyıq və mən də çalışacağam ki, bizim yaradıcılıq orqanlarımızda işlər canlansın, sənətkarlarımız yazsınlar, yaratsınlar...”.
1995-ci il 18 aprel
Prezident Heydər Əliyev yazıçı, “Azərbaycan qadını” jurnalının baş redaktoru Xalidə Hasilovanı 75 illik yubileyi münasibətilə təbrik edib.
1995-ci il 23 aprel
Heydər Əliyev Gənc Tamaşaçılar Teatrında keçirilən “Dünya susur, tarix susmur” adlı ədəbi-bədii gecədə iştirak edib.
1995-ci il 25 aprel
Prezident Heydər Əliyev Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli türk alimi İhsan Doğramacının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edib.
1995-ci il 6-7 may
Heydər Əliyev faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş tədbirlərə qatılmaq üçün Londonda səfərdə olub. Səfər zamanı Londonda Azərbaycan mədəniyyət evinin açılışında iştirak edib.
1995-ci il 13 may
Heydər Əliyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Qadın musiqi dünyası” kamera konsertində olub.
Hazırladı: Vüqar Orxan