Olaylar, faktlar (11–17 avqust)

 

550 il əvvəl...

 

11 avqust 1473-cü ildə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü baş verib. Osmanlı ordusu qələbə çalıb və bir qədər əvvəl (1 avqust 1473) Malatya döyüşündə aldığı məğlubiyyətin əvəzini çıxıb. Bu döyüş Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) taleyini ikincinin xeyrinə həll edib. Uzun Həsən müharibədə Avropa dövlətlərindən yardım vədi alsa da, bu, gerçəkləşmədi. Çünki Avropa dairələri iki türk dövlətinin savaş meydanında bir-birini zəif salmasında maraqlı idilər.

 

218 il əvvəl...

 

12 avqust 1805-ci ildə Rusiya-İran müharibəsi (1804-1813) gedişində rus qoşunları Bakı xanlığının strateji məntəqələrini ələ keçirərək şəhəri mühasirəyə alıblar. Lakin general Pavel Sisianovun başçılıq etdiyi qoşunlar müvəffəqiyyət qazanmayaraq geri çəkilib. 1806-cı ilin yanvarında Şirvan xanlığını da işğal edən rus qoşunları yenidən Bakıya yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynqulu xanla danışıqlar aparılan zaman general Sisianov öldürüldü. Rus qoşunları 1806-cı ilin oktyabrında Bakını aldılar.

 

117 il əvvəl...

 

16 avqust 1906-cı ildə Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının III qurultayı işə başlayıb. Avqustun 20-dək davam edən qurultayda Ümumrusiya Müsəlmanları İttifaqının proqram sənədləri, rəhbər strukturları təsdiqlənib. Əlimərdan bəy Topçubaşov Ümumrusiya Müsəlmanları İttifaqının rəhbəri seçilib.

 

76 il əvvəl...

 

14 avqust 1947-ci ildə Britaniyanın müstəmləkəsi olan “Britaniya Hindistanı” ərazisində iki dövlət – Hindistan və Pakistan yaranıb. Pakistanın tərkibinə “Britaniya Hindistanı”nın şimal-şərq və şimal-qərb bölgələri daxil olub. Bununla belə, iki ölkə arasında ərazi mübahisəsi (Kəşmir) bu gün də qalmaqdadır. “Hindistan İttifaqı” adı altında üç il mövcud olan dövlət isə 1950-ci ildə (26 yanvar) Hindistan Respublikası elan edildi. Odur ki, Pakistandan fərqli olaraq, Hindistan dövlət bayramını 26 yanvarda qeyd edir. 1971-ci ildə Şərqi Pakistanda müsəlman Banqladeş dövləti yarandı və o da müstəqilliyini elan etdi.

 

62 il əvvəl...

 

13 avqust 1961-ci ildə “Berlin divarı”nın tikintisi başlanıb. II Dünya müharibəsindən sonra Almaniyanın ikiyə bölünməsi ilə Berlin şəhəri də sektorlara ayrılmışdı. Şərqi Berlin (sovet sektoru) ADR-in paytaxtı olmuş, Qərbi Berlin isə AFR-in ərazisində qalmışdı. 1945-1961-ci illər ərzində Şərqi Almaniyadan təxminən 2,3 milyon alman Qərbi Almaniyaya qaçmışdı. Uzunluğu 45 kilometr olan “Berlin divarı” bu prosesin qarşısını almağa imkan verdi. Berlin divarı 1989-cu ildə, Almaniyanın birləşməsindən bir il öncə söküldü.

 

31 il əvvəl...

 

15 avqust 1992-ci ildə Azərbaycanda milli valyuta – manat dövriyyəyə buraxılıb. Azərbaycan müstəqilliyini 1991-ci ildə elan etsə də, keçmiş sovet rublu dövriyyədə idi. Milli valyutanın dövriyyəyə buraxılması barədə fərman 1992-ci il iyulun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən imzalanmışdı. 1992-ci ildə 1, 5, 10, 250 manatlıq, 1993-cü ildə 50, 100, 500, 1000 manatlıq pul vahidlərini tədavülə buraxılıb. 1994-cü ilə qədər manat dövriyyədə köhnə sovet rublu ilə paralel işləyib.

 

24 il əvvəl...

 

17 avqust 1999-cu ildə Türkiyənin Mərmərə bölgəsində dəhşətli zəlzələ baş verib. Gecə saat 3 radələrində meydana gələn və episentrdə (Gölcük) 7,6 bal gücündə hiss edilən fəlakət İstanbul, Bursa, Sakarya, Bolu, İzmit, Yalova və s. şəhərlərdə böyük dağıntı və insan tələfatına səbəb oldu. Rəsmi statistika üzrə zəlzələ qurbanların sayı 17500 nəfər göstərilmişdi.

Hazırladı: V.Orxan