Avqustun 16-sı XX əsr Azərbaycan fəlsəfi poeziyasının görkəmli nümayəndəsi, şair-dramaturq, ədəbiyyatşünas-alim, ictimai xadim, Xalq şairi, Dövlət mükafatı laureatı Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 98-ci ildönümüdür.
Qədim Şəkidə dünyaya göz açan şair zəngin yaradıcılığı ilə bədii fikrimizin inkişafında mühüm rol oynayıb. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Tariximizin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ədibin diqqət mərkəzində olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsindən məzun olan B.Vahabzadə bu təhsil ocağının aspiranturasında təhsilini davam etdirib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik (fəlsəfə doktoru), 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda elmlər doktorluğu dissertasiyalarını müdafiə edib. 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilib, 2000-ci ildə isə AMEA-nın həqiqi üzvü olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.
Ədəbi aləmdə ilk olaraq “Gülüstan” poeması ilə şöhrət qazanan şair sonralar bir-birindən maraqlı şeir, poema və dram əsərləri qələmə alıb. Müəllifin “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Özümüzü kəsən qılınc” və digər lirik-psixoloji pyesləri bir sıra teatrlarda tamaşaya qoyulub.
Əsərləri onlarla dilə tərcümə edilib, bir sıra ölkələrdə çap olunub.
İstiqlal ideyalarının yorulmaz və bənzərsiz tərənnümçüsü olan şair 13 fevral 2009-cu ildə vəfat edib.