Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

 

1995-ci il 14 may

 

Prezident Heydər Əliyev “Gülüstan” Sarayında görkəmli yazıçı və kinodramaturq, Əməkdar incəsənət xadimi Maqsud İbrahimbəyovun 60 illiyinə həsr olunmuş yubiley gecəsində nitq söyləyib.

“... Mən Maqsud İbrahimbəyovu rəsmi təbrik etmişəm və onun respublikamızın yüksək mükafatı olan “Şöhrət” ordeni ilə təltif olunması haqqında fərman imzalamışam... Bu, təkcə Maqsudun yubileyi deyil, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının həyatında əlamətdar gündür...

Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar yeni yollar, yeni cığırlar açırlar. Məhz bunlardan biri də Maqsud İbrahimbəyovdur...

Mən bu gün onun yaradıcılığına təhlil vermək istəmirəm. Ancaq onun əsərləri bizim həyatımızı, reallığımızı, yaşadığımız dövrü həqiqi əks etdirən əsərlərdir. Maqsud İbrahimbəyovun və onunla bərabər Rüstəm İbrahimbəyovun ictimaiyyətə tanınması dövrü, onların ədəbiyyatda, mədəniyyətimizdə ilk addımları mənim yaxşı xatirimdədir... Onlar Azərbaycanın mədəniyyətində, incəsənətində, ədəbiyyatında öz görkəmli yerlərini tutublar, yaşadığımız dövr, o zamanlar və bu gün, gələcək üçün çox dəyərli əsərlər yaradıblar...

Maqsudun yaradıcılığının xüsusiyyəti bir də ondan ibarətdir ki, o, əsərlərini rus dilində yazır. Bizim içərimizdə elə adamlar var ki, bəzən deyirlər, əgər bu rus dilində yazırsa, Azərbaycan yazıçısı deyil. Şübhəsiz ki, bu, yanlış fikirlərdir. Əgər biz bununla razı olsaq, gərək deyək ki, Nizami Gəncəvi də Azərbaycan şairi deyil... Biz böyük şairimiz Məhəmməd Füzulinin 500 illiyini qeyd edirik. Onun türk dilində, yəni Azərbaycan dilində də yazdığı əsərlər çoxdur. Ancaq eyni zamanda fars, ərəb dillərində də çox yazıbdır. Mən hesab edirəm ki, qanı ilə, canı ilə, ruhu ilə, qəlbi ilə azərbaycanlı olub, başqa dildə əsər yazıb Azərbaycanı başqa dilli adamlara yazdıqları ilə tanıtdırmağın özü də bir nailiyyətdir, böyük bir xüsusiyyətdir.

... Burada bir çıxışda dedilər “bakılı”, “bakinets”. Maqsud əsərlərinin əksəriyyətini Bakı şəhərinin həyatının təsvirinə həsr edibdir... Təkcə Bakıda anadan olanlar, əsli-kökü buradan olanlar deyil, hamı bakılıdır. Bakı elə bir şəhərdir ki, Azərbaycanda yaxşı nə varsa, hamısını özünə çəkmişdir. Ona görə də “bakılı” sözünü məhz bu mənada başa düşmək lazımdır. Bunu təhrif etməyə, ondan cəmiyyətimizdə hansısa bir təbəqələşmə yaratmaq üçün istifadə etməyə yol vermək olmaz...

Ona görə də biz azərbaycanlıyıq... Mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın yaratdığı mənəvi dəyərlər əsasında hamımız birləşərək tutduğumuz uzun, böyük yolu müvəffəqiyyətlə gedə bilərik. Yolumuz ağırdır, çətindir. Amma inanıram ki, müstəqil Azərbaycanın böyük gələcəyi var...”.

 

1995-ci il 18 may

 

Prezident Heydər Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Tofiq Quliyevi qəbul edib.

 

1995-ci il 21 may

 

Heydər Əliyev Azərbaycanın və keçmiş SSRİ-nin Xalq rəssamı Tahir Salahovu qəbul edib.

 

1995-ci il 3 iyun

 

Prezident Heydər Əliyev Azərbaycan Milli Kitabxanasında “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat mərasimində çıxış edib.

“... Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir. Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm... Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm. Bugünkü hadisə çox əlamətdardır. Burada Azərbaycanın miniatür kitablarının sərgisi keçirilir... Azərbaycanda kitab çapının tarixi böyükdür. Keçmiş dövrlərdə məzmununa və formasına görə müxtəlif, çox maraqlı nəfis kitablar buraxılmışdır... Ancaq Azərbaycanda miniatür kitab nəşrinin tarixi çox qısadır.

Bu gün biz yazıçılarımızın, şairlərimizin kitablarının miniatür nəşrini görürük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisədir... Burada mənim prezident vəzifəsinə başlayarkən andiçmə mərasimində nitqimin də miniatür nəşri nümayiş etdirilir... Bu işin təşəbbüsçülərinə – ilk növbədə “Kitab” Cəmiyyətinə və onun rəhbəri Zərifə xanım Salahovaya təşəkkür edirəm...

Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir... Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə... nəşriyyat işi də çox çətinliklərlə qarşılaşır... İndi, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda, kiçik də olsa, özəl bölmənin meydana çıxdığı bir vaxtda biz onun imkanlarını nəşriyyat işinin canlandırılmasına da yönəltməliyik. Bu sahədə başqa ölkələrdə yaxşı təcrübə var... Dövlət də bütün imkanlardan istifadə edəcəkdir...

Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır... Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər... Bilirəm, bizim bu kitabxananın çox böyük fondu var. Kitabxananın direktoru bu barədə məlumat verdi. Ancaq kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin... Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm...”.

Hazırladı: Vüqar Orxan

(davamı var)