Masallı rayon Mərkəzi Kitabxanası tərəfindən açıq havada kitab sərgisi təşkil olunub. Sərgidə Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən kitablar, 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr olunan nəşrlər, yerli və xarici yazarların əsərləri yer alıb. Oxuculara açıq havada kitab oxumaq, habelə kitabxanaya üzv yazılmaq imkanı yaradılıb.

***

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində (RMİ) müasir Gəncə ədəbi mühitinin tanınmış nümayəndələrindən şair Zaur Quliyevlə görüş keçirilib.

RMİ-nin rəisi vəzifəsini icra edən Pərvin Kazımov qədim ənənələrə söykənən Gəncə ədəbi mühiti nümayəndələrinin yaradıcılıqları ilə oxucuları sevindirdiyini bildirib. Qeyd olunub ki, 18 pyes və 300-dən çox şeirin müəllifi olan şairin 11 kitabı işıq üzü görüb.

Görüşün sonunda mədəniyyət sahəsində 50 illik fəaliyyətinə görə şair Zaur Quliyevə Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim olunub.

***

Oğuz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Kərimli kənd kitabxana filialında “Yayı kitabla keçirək” layihəsi çərçivəsində mütaliə saatı təşkil olunub. Kitabxanaçı Gülnarə Məmmədova yeni daxil olmuş nəşrlər haqqında məlumat verib. Daha sonra məktəblilər kitabxananın fondu ilə tanış olublar.

Nurəddin Məmmədli