Misirin ən qədim və böyük şəhərlərindən olan İsgəndəriyyə Azərbaycanla müxtəlif sahələrdə, xüsusən turizm sektorunda sıx əməkdaşlıq etmək niyyətindədir.

İsgəndəriyyə vilayətinin qubernatoru Muhammed əl-Şərif bu barədə Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov ilə görüşündə deyib.

Ölkəmizin Misirdəki səfirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edilib. Qeyd edilib ki, bu ilin yanvarında Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə apardığı danışıqlar, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.

Səfir E.Poluxov Azərbaycanın inkişafı, 44 günlük Vətən müharibəsində Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Qeyd edib ki, ölkələrimizin regionları arasında da əməkdaşlıq inkişaf edir. Misirin Qalyubiyyə vilayəti ilə Azərbaycanın Xırdalan şəhəri əməkdaşlıq edirlər. Qədim İsgəndəriyyə şəhəri ilə əlaqələrin də böyük potensialı mövcuddur. Bu ilin sentyabr və oktyabr aylarında da Azərbaycan nümayəndə heyətləri Qahirə və İsgəndəriyyəyə səfər edəcəklər.