Ölkələrimizin diplomatik münasibətlərinin (1995-ci il oktyabrın 2-də qurulub) hələ otuz ili tamam olmasa da, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələrinin zəngin tarixi var və ortaq tarix, dil, din və mədəniyyət dəyərləri üzərində təşəkkül tapıb. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai Nizami Gəncəvidən ilhamlanaraq öz “Xəmsə”sini qələmə alıb. Orta əsrlərdə hər iki xalq arasında əlaqələr müxtəlif mərhələlərdən keçib...
İki qardaş xalq arasında əlaqələr sovet dönəmində də xeyli inkişaf edib. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, iqtisadi, mədəni və digər sahələrində fəal iştirak edir.
Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Prezident Heydər Əliyevin 1997-ci ildə Özbəkistana rəsmi səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib və gələcək inkişafının hüquqi bazası yaradılıb. Bundan əlavə, 1996-cı ilin oktyabrında Azərbaycan Prezidenti Heydər Əliyev Daşkənddə Türkdilli ölkələrin sammitində və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak edib. 1996-cı ildə Azərbaycanın Daşkənddə, 1998-ci ildə isə Özbəkistanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ölkələrimiz arasında münasibətlərin dərinləşməsi üçün mühüm zəmin yaradıb.
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir. İlham Əliyev prezident postunda ilk səfərlərindən birini Özbəkistana (mart 2004) edib. Həmin səfəri zamanı “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb.
Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Təkcə 2022-ci ildə dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi qardaş ölkə ilə əməkdaşlığın inkişafına verilən böyük önəmin göstəricisidir. Ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş sammitində fəxri qonaq qismində iştirak edib, noyabrda isə Türk Dövlətləri Təşkilatının zirvə görüşündə iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Bu səfərlər zamanı əldə edilmiş razılaşmalar Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.
Dövlət başçılarının diqqət göstərdiyi əsas istiqamətlərdən biri də mədəniyyət sahəsidir. Bu günlərdə (1-4 avqust) Bakıda Özbəkistan mədəniyyəti günləri böyük təntənə ilə keçirildi. Növbəti addım Özbəkistanda Azərbaycan mədəniyyəti günləri olacaq. Özbəkistanda və Azərbaycanda təşkil olunan incəsənət festivallarında iki ölkənin sənətçiləri bir qayda olaraq uğurla iştirak edirlər. Bütün bunlar mədəniyyət sahəsində əməkdaşlığın yüksək dinamikasından xəbər verir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana avqustun 22-də başlayan dövlət səfəri də qardaş ölkələr arasında münasibətlərin tarixində yeni səhifə açır. Özbəkistan rəhbərinin işğaldan azad edilən ərazilərə səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisi olacaq. Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş məktəb binası buna bariz nümunədir.
İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən ötən il dövlət başçılarının imzaladığı “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə” hərtərəfli sıx əlaqələr üçün möhkəm hüquqi baza yaradıb. İldən-ilə möhkəmlənən Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının birliyinə də mühüm töhfədir.