17-19 avqust tarixlərində Rusiyanın Yekaterinburq şəhərində IX Beynəlxalq Nəfəs Alətləri Orkestrləri Festivalı keçirilib. Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival (təşkilatçı – Rusiyanın Əməkdar incəsənət xadimi, “Ural-Band” orkestrinin rəhbəri Aleksandr Pavlov) Yekaterinburq şəhərinin 300 illiyinə həsr olunub.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri festivalda ölkəmizi təmsil edib. Bədii rəhbər-direktor Əməkdar incəsənət xadimi Əlibala Rzayevin başçılığı ilə 36 nəfərlik heyət Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala qatılıb.

Eyni zamanda Əməkdar artist Aqil Cəfərovun rəhbərliyi ilə Rusiyanın Krasnoyarsk vilayətində fəaliyyət göstərən “Odlar yurdu” Azərbaycan xalq mahnı və rəqs ansamblı da festivalda orkestrlə birgə çıxış edib.

Rusiyanın müxtəlif regionlarından və Azərbaycandan ümumilikdə 9 kollektivin qatıldığı festivalda rəngarəng proqram təqdim olunub.

Azərbaycan kollektivi ilk gün “Kosmos” kinoteatrında festivalın açılış konsertində səhnəyə çıxıb.

Əlibala Rzayevin dirijorluğu ilə aranjimanı özünə aid olan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Fantaziya” maraqla qarşılanıb. “Odlar yurdu” xalq rəqs ansamblı və Dövlət Nəfəs Alətləri Orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə Üzeyir Hacıbəylinin “Cəngi”, Rauf Hacıyevin “Bu bağlar”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Müslüm Maqomayevin “Azərbaycan” əsərlərini ifa ediblər.

Festivalın ikinci günü orkestr V.V.Mayakovski adına Mərkəzi mədəniyyət və istirahət parkının yay teatrında konsert proqramı ilə çıxış edib. Ü.Hacıbəylinin “Koroğlu” operasından və “Arşın mal alan” musiqili komediyasından uvertüralar, “Cəngi”, P.Bülbüloğlunun “Şən Azərbaycan”, M.Maqomayevin “Azərbaycan” və “Mavi əbədiyyət” və s. əsərlər səsləndirilib. Musiqi və rəqs nömrələri böyük alqışlarla qarşılanıb.

Festivalın üçüncü günü 8 mindən çox tamaşaçının iştirak etdiyi, Yekaterinburqun 300 illiyinə həsr olunmuş paradda Azərbaycan orkestri də iştirak edib. Şəhərin əsas küçəsində yürüşdə kollektivimiz Azərbaycan bəstəkarlarının marş janrlı əsərlərini ifa edib.

Daha sonra Yekaterinburqun tarixi meydanında qurulan səhnədə festivalın qala-konserti keçirilib. Orkestrimiz rəqs ansamblı ilə Ü.Hacıbəylinin “Cəngi“ əsərini ifa edib. Festivala qatılmış bütün orkestrlər birgə Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalovun dirijorluğu ilə Vasili Aqapkinin “Slavyan qızın vidası” marşını səsləndirib.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin daha bir konserti şəhərin böyük ticarət mərkəzlərindən birinin qarşısında qurulan səhnədə gerçəkləşib. Burada Azərbaycan bəstəkarlarının əsərləri böyük maraqla qarşılanıb. Sonda orkestr festivalın təşkilat komitəsinin diplomu ilə təltif olunub.

Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri nümunəvi çıxışları ilə mədəniyyətimizin yüksək səviyyədə təqdimatına nail olub. Ölkəmizin Yekaterinburqdakı Baş konsulluğunun əməkdaşları da festival tədbirlərində yaxından iştirak ediblər.