Xəbər verdiyimiz kimi, 25-29 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək IV Lendok Beynəlxalq Film Festivalında ölkəmiz də təmsil olunacaq. Festivalın proqramında bədii və sənədli filmlər yer alıb.
“Lendok” kinostudiyasının (Sankt-Peterburq Sənədli Filmlər Studiyası – keçmiş Leninqrad Kinoxronika Studiyası) təşəbbüsü ilə əsası qoyulan festival bu il ilk dəfə beynəlxalq müsabiqə proqramı ilə keçirilir.
Bədii filmlər üzrə müsabiqə proqramına Rusiya, Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və digər ölkələrdən ümumilikdə 10 ekran əsəri daxil edilib. Onların arasında azərbaycanlı rejissorlar Asif Rüstəmovun “Mərmər soyuğu” və Hikmət Rəhimovun “Çılpaq” filmləri də var. Bundan əlavə, Rusiya-Azərbaycan filmi kimi qeyd edilən “Şalğam tarlasında torağaylar” adlı ekran əsəri (rejissor Kseniya Laqutina) proqramda yer alıb.
Azərbaycanlı rejissor və prodüser Fariz Əhmədov isə festivalda münsif kimi iştirak edəcək. O, “Lendok”un sənədli filmlər üzrə jürisinin sədri seçilib. Bədii filmlər üzrə münsiflər heyətinə özbəkistanlı rejissor, ssenarist Əli Xamrayev başçılıq edəcək.
Festivalın müsabiqədənkənar proqramında (“Lendoc Panorama”) İran, Hindistan, Argentina və ABŞ filmləri nümayiş olunacaq.
Qeyd edək ki, 2022-ci ildə “Lendok” kinostudiyasının 90 illik yubileyi ilə bir arada gerçəkləşən 3-cü festivalda postsovet ölkələrinin “qızıl kolleksiyası”ndan ekran əsərləri, o cümlədən “Azərbaycanfilm”in istehsalı olan “İstintaq” bədii filmi (1979, rejissor Rasim Ocaqov) nümayiş olunmuşdu. “Azərbaycanfilm”in direktoru Nazim Hüseynov isə festivalın jürisində yer almışdı.