Toto Kutunyo 80 yaşında dünyadan köçdü
Məşhur italyan estrada müğənnisi və bəstəkar, dünya pop musiqisinə öz möhürünü vurmuş Toto Kutunyo avqustun 22-də, 80 yaşında vəfat edib.
Sənətçi Milan şəhərində müalicə aldığı “San Raffaele” xəstəxanasında dünyasını dəyişib. Uzun sürən xəstəlikdən sonra müğənninin vəziyyəti son aylarda pisləşib. 2007-ci ildə ona prostat xərçəngi diaqnozu qoyulmuşdu. İyulun 7-də 80 yaşını qeyd edən sənətçi ömrünün son həftələrini xəstəxanada keçirib.
İtaliyanın ən sevilən müğənnilərindən biri və dünyada italyan musiqisinin simvolu sayılan Toto Kutunyo 1983-cü ildə “L’Italiano” albomundakı eyniadlı mahnı ilə böyük şöhrət qazanmışdı.
Toto Kutunyo həm sözlərini, həm də musiqisini yazdığı “Insieme: 1992” mahnısı ilə 1990-cı ildə Zaqreb (Xorvatiya) şəhərində keçirilən “Avroviziya” mahnı müsabiqəsinin qalibi olub. İtaliyada bir sıra musiqi mükafatlarına layiq görülən müğənni Sanremo musiqi festivalında 15 dəfə iştirak edib. O, həmçinin bir çox müğənnilər üçün hit mahnılar bəstələyib.
Dünyanın onlarla ölkəsində qastrolda olan sənətçi 2013-cü ildə Bakı səhnəsində də çıxış edib.
Toto Kutunyonun dəfn mərasimi avqustun 24-də Milanda keçirilib.